Amaliya Pənahova – 80
Dünya insanların görüş yeridir. Amma Yer üzü həm də möhnət, ayrılıq, nisgil, kədər dolu bir aləmdir. Bəlkə elə buna görə körpələr ana bətnindən ayrılıb bu dünyaya gəlincə ağlayırlar. Gələcək günlərin kədərini, müşküllərini, qayğılarla dolu yükünü öncədən hiss etdikləri üçün... Bir də Tale yazısı var. Elə insanlar var ki, onlar doğulduğu gündən seçilmişlər sırasında olurlar, onların taleyində həyatın yükü ilə bərabər sənət yükünü daşımaq da var. Vaxt, zaman gəlib yetişir, onların taleyi millətin taleyi ilə birləşir. Onlar müstəsna insanlardır. Mədəniyyət tariximizdə iz qoymuş şəxsiyyətlərdir. Azərbaycan Respublikasının Xalq artisti, görkəmli aktrisamız Amaliya Pənahova həmin müstəsna insanlardan idi.
XX yüzilin teatr tariximizdə nə qədər xoşbəxt və bərəkətli bir əsr olduğu gələcək onilliklərdə daha aydın görünəcək. Elə indinin özündə də dönüb arxaya baxanda Tanrının və taleyin bizə qarşı nə qədər səxavətli olduğunu aydın görürük. XX əsrin qadın sənətkarlarını, aktrisalarını xatırlasaq, gözlərimiz önündə heyranedici ulduzlar silsiləsi canlanır. Amaliya xanım da belə parlaq ulduzlardandır ki, işığı heç zaman sönməyəcək.
Lap uşaq yaşlarından səhnə onu öz cazibəsi ilə sehrləyib. Televizorda baxdığı filmlərdəki at çapan qızlar xəyallarını qanadlandırırdı, özünü onların yerində təsəvvür edirdi. Qəlbində cücərən arzular dilində nəğmələrə çevrilirdi, yuxularında da özünü səhnədə görürdü və ürəyi həyəcanla çırpınırdı. Amma bu yol ona çox uzaq, əlçatmaz görünürdü; nağıllardakı sehrli yollar kimi çox uzaq... İndi vaxt keçəndən, zaman ötəndən sonra anlayırsan ki, bu istək, bu arzu Tale kitabımın proloqu imiş. Xəyallar da bəzən gerçəyə çevrilirmiş. Yetər ki, içində tükənməz istək, sonsuz həvəs və məhəbbət olsun. Onda yollar özü səni məbədə gətirib çıxaracaq.
Gənc Amaliya arzularının dalınca Moskvaya getmək, orda təhsil almaq istəyirdi. Amma valideynləri buna icazə vermədilər. Səhnəyə sonsuz sevgisi onu Bakıda Teatr İnstitutuna gətirib çıxartdı. O, hələ orta məktəbdə oxuyarkən instituta dinləyici kimi gedib-gəlirdi. Yusiflə ilk tanışlıqları da o vaxtdan başladı. Sən demə, o, Amaliyanı görən kimi vurulubmuş. Beləcə, tale onların yollarını birləşdirdi. Yusif Muxtarov Amaliyaya görə sənədlərini Teatr İnstitutuna verdi, onlar bir kursda təhsil aldılar. O vaxtdan həyatın çətin, enişli-yoxuşlu yollarında birlikdə addımlamağa başladılar. Yarım əsrə yaxın – 48 il birlikdə ömür sürdülər. Çox sonralar Bakı Bələdiyyə Teatrını da birlikdə yaratdılar.
Hələ isə hər ikisi həyat və sənət yolunun başlanğıcında idilər. Qəlbi sənət eşqiylə döyünən gənc qız İnstituta qəbul olundu, təhsil almağa başladı. II kursda oxuyarkən həyatında elə bir hadisə baş verdi ki, bir gecədə məşhurlaşdı. 1964-cü il idi. Hələ tələbə ikən ona Akademik Milli Dram Teatrında səhnəyə çıxmaq səadəti nəsib oldu. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasında baş rolu - Nargiləni canlandırırdı. Bu obraz gənc aktrisaya böyük uğur gətirdi. Tamaşa salonunda iynə atsan, yerə düşməzdi. Bu, Amaliyanın tamaşaçılar qarşısında ilk imtahanı idi. Bitmək bilməyən alqışlar onun sənət taleyinə pozulmaz imzasını qoydu. “Sən həmişə mənimləsən” tamaşası gələcəyin böyük aktrisasının tale fərmanını təsdiqlədi. Nargilənin sadədil və çılğın məhəbbəti qəlbindəki səhnə məhəbbəti ilə birləşdi və heç vaxt təravətini itirməyən Boy çiçəyi onun talismanına çevrildi.
Bütün şəhər bu tamaşadan danışırdı. “Sən həmişə mənimləsən” tamaşası teatrın həyatında bir hadisəyə çevrildi. Tofiq Kazımovun quruluş verdiyi bu tamaşa Azərbaycan teatrında lirik-psixoloji üslubun təməli sayılır. Az sonra İlyas Əfəndiyevin teatra təqdim etdiyi “Unuda bilmirəm” pyesi də lirik-psixoloji üslubda yazılmışdı. O, məxsusi olaraq Amaliya Pənahova üçün rollar yazırdı. Bundan sonra yazdığı bütün tamaşalarda əsas rolları bu gənc aktrisa canlandırmağa başladı. Əlbəttə, ilk roldan sonra şöhrətin zirvəsinə ucalmaq aktrisanın üzərinə böyük məsuliyyət yükləyir. Tamaşaçı sevgisini qoruyub saxlamaq o qədər də asan deyil. Bunun üçün çalışmaq, daim sənət axtarışlarında olmaq lazım gəlir.
Şekspirin “Hamlet” tamaşasında Ofeliya rolunu canlandıranda artıq ailə qurmuşdu. Övladı dünyaya gəlməli idi. Belə bir zamanda Ofeliya kimi çətin və mürəkkəb rolun öhdəsindən gəlmək olduqca çətin idi. Monoloqun son sözlərini deyə-deyə yerə yıxılmalı və yumalana-yumalana ön səhnəyə qədər gəlməli idi. Tamaşanın ikinci premyerasından sonra artıq analıq məzuniyyətinə çıxmalı oldu. Qızı Aynur dünyaya gəldi.
İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşası da teatra böyük uğur gətirdi. Amaliya Pənahova bu tamaşada Nərmini oynayırdı. Bütün varlığıyla, qəlbiylə Nərminin məhəbbətinə şərik olmuşdu. Ərköyün, şıltaq, sadəlövh, saf məhəbbətlə sevən, lakin ayrılıq acısını dadan çarəsiz Nərminin... Nərmin təcrübəsiz, bəşəri hissin doğurduğu çətinliklə burulğanında büdrəyən, istəklərini əmələ çevirməyi bacarmayan psixoloji bir obrazdır. Unudulmaz bəstəkarımız Emin Sabitoğlu bu tamaşa üçün gözəl, həzin bir mahnı bəstələmişdi. Kamranla Nərminin məhəbbətini ifadə edən bu mahnı tamaşaya xüsusi bir ovqat bəxş edirdi. Moskvadan gəlmiş bir rus teatrşünası yazmışdı ki, “Nərminin mahnısını indi bütün Bakı oxuyur”.
İstəmirəm gül-çiçək,
Ömrün yolu daş-kəsək.
Hər bəlaya dözəcək
Sənin məhəbbətindir.
Nədir vəfa, etibar?
Söz desəm, artıq olar.
Mənim bu eşqim ki, var,
Sənin əmanətindir.
İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasındakı Şahnazı da sevgiylə, məhəbbətlə oynayırdı. Sinfi mübarizənin ortasında qalmış biçarə qız çox ağır seçim etməli idi – ya atası, ya sevdiyi oğlan. Dağlarda əks-səda verən o yanıqlı mahnı Şahnazın qəlbinin fəryadı idi.
Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam...
Firəngiz, Aysel, Ofeliya, Nərmin, Luiza, Şahnaz, Natəvan, Mahnur, Aynur, Zərifə, Nurcahan, Mehri ana, Nigar, Medeya, Olqa, Zübeydə... Bunlar aktrisanın Akademik Milli Dram Teatrında oynadığı obrazların tam olmayan siyahısıdır. Müsahibələrindən birində görkəmli aktrisa belə deyir: “Bu obrazların hər biri mənə övladlarım qədər əzizdir. Çünki mən bu obrazlara can bəxş etmişəm, nəfəs vermişəm, onları canlı insan kimi səhnəyə çıxarmışam. Natəvanı oynayanda Natəvan olmuşam, Şahnazı oynayanda Şahnaza çevrilmişəm... Eləcə də digər rollarımda...
Xurşudbanu Natəvanın dilindən Azərbaycan səhnəsində bu sözlər səslənirdi: “Bu əzablı yolların sonunda bizi azad, müstəqil Azərbaycan gözləyir!” Mən çox şanslı aktrisayam ki, Natəvanın bu müqəddəs arzusunun gerçəkləşdiyi günləri gördüm”.
90-cı illərin əvvəllərində Amaliya xanım Akademik Milli Dram Teatrıyla birlikdə bir neçə dəfə xarici ölkələrə qastrol səfərlərinə çıxır. Qardaş Türkiyəyə, İstanbula səfərləri zamanı bir məqam diqqətini cəlb edir. Görür ki, İstanbulda bir neçə Bələdiyyə teatrı var. Düşünür ki, bizdə niyə belə bir teatr olmasın? 1992-ci ildə Bakı Bələdiyyə Teatrı onun ideyası və təklifi ilə yaranır. Həmin ilin dekabrın 27-də teatrın pərdələri “Medeya” tamaşası ilə açılır. Cəm 3 aydan sonra teatrın kollektivi “Tomris” tamaşası ilə cəbhə bölgələrinə səfərə çıxır. Cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda Amaliya xanım vətəndaşlıq cəsarəti göstərərək torpaqlarımız uğrunda döyüşən igid əsgərlərimizin yanında oldu.
Sonra millət vəkili kimi mədəniyyətimizi parlamentdə təmsil elədi. Səsi ali kürsülərdən eşidildi.
Amaliya xanım 55 illik səhnə fəaliyyəti dövründə 500-dən çox obraz yaradıb. Bu rolların hər biri haqqında danışmaq imkansızdır. Amaliya xanım oynadığı hər obraza tamaşaçı sevgisi qazandırıb. Danışırlar ki, “Təhminə və Zaur” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində oynanılanda təcili yardım maşınları teatrın yaxınlığında dayanırmış. Tamaşaya baxarkən halı xarablaşan, ürəyi gedənlər olurdu. Amaliya xanımın Təhminəsi o qədər canlı idi ki, insanlar onun qadın kimi faciəsiylə barışmaq istəmirdilər. Zaurun beşmərtəbəli evin altıncı mərtəbəsini fəth edə bilməməsiylə barışmırdılar.
Amaliya xanımın sənət bioqrafiyası bu qəbil hadisələrlə zəngindir. Hər dəfə ekranda onun oynadığı tamaşalar, filmlər göstəriləndə Amaliya xanım yenidən canlanır, yenə bizimlə birlikdə olur.
Özünün dediyi sözlərdir:
“Teatr mənim üçün müqəddəs məkandır, aktyor isə çox yüksəkdə duran əlçatmaz bir varlıqdır. “Teatr” sözünü eşidəndə daxilimdə bir çırpıntı hiss edirəm. Aktyor sənəti ülvi, müqəddəs bir sənətdir. Mən xoşbəxtəm ki, bütün şüurlu həyatımı bu sənətə həsr etmişəm. Nəsillər dəyişib və dəyişəcək, səhnəmizə çox sənətkarlar gəlib gedəcək. Onlar bu teatrı əbədi yaşadacaqlar”.
Heç şübhəsiz, Amaliya xanım və onun həyatını sərf etdiyi teatr əbədi yaşayacaq.
Kənan HACI,
yazıçı, dramaturq