“Yaşıl” nəqliyyata keçid təmiz gələcəyə aparır

post-img

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ekoloji tarazlığa təsir edən amillərdən biri də, şübhəsiz ki, avtomobil nəqliyyatıdır. Hazırda yer üzündə, təxminən, 1,5 milyard avtomobil istifadə edilir. Avtomobil nəqliyyatı havanın çirklənməsinin əsas mənbələrindən biri olmaqla ekologiyaya əhəmiyyətli dərəcədə təsir göstərir.

Ölkəmizdə avtomobil nəqliyyatı ilə bağlı qayda və tələblərə nəzarəti həyata keçirən AYNA-nın missiyası həm də dayanıqlı, ekoloji təmiz, səmərəli yerüstü nəqliyyat sisteminin qurulmasını gerçəkləşdirməkdir. Nəqliyyatda karbon emissiyalarının azaldılması iqlim dəyişikliyi ilə mübarizənin əsasını təşkil edir və buna yalnız kompleks tədbirlərlə nail olmaq mümkündür. Söhbət “yaşıl” nəqliyyat növlərinə keçiddən, piyadalar və mikromobillik vasitələri üçün yol infrastrukturunun yaradılmasından, eləcə də ictimai nəqliyyata marağın artırılmasından gedir.

Bakıda tam olaraq “yaşıl” ictimai nəqliyyata keçid qarşıda duran əsas vəzifələrdəndir. Paytaxtın avtobus şəbəkəsində 166 elektriklə işləyən və 55 ekoloji cəhətdən təmiz CNG texnologiyasına malik avtobuslar fəaliyyət göstərir.

Bu il Çinin BYD şirkəti ilə birlikdə elektrobusların yerli istehsalına başlanılması planlaşdırılır. Müəssisədə ildə 500 avtobusun istehsalı nəzərdə tutulur. Bu il özəl daşıyıcılar tərəfindən 400-ə yaxın əlavə ekoloji təmiz avtobus alınaraq Bakı şəhərində istismara verilməsi nəzərdə tutulur.

Paytaxtda mikromobillik vasitələrindən istifadənin artması atmosferə atılan tullantıların azalmasına gətirib çıxarıb. Avtobus və velosiped zolaqları hərəkətin fasiləsizliyinə və ekoloji yükün səviyyəsinin enməsinə müsbət təsir göstərib. AYNA tərəfindən mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda paytaxtda 39 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. Bu şəbəkənin ümumi uzunluğunun 100 kilometrə çatdırılması hədəflənib.

Taksi xidməti sahəsində aparılan islahatlar çərçivəsində müvafiq parkın yenilənməsi və taksi səfərlərinin azalması da ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir. İslahatlara qədər taksi parkının, təxminən, 62 faizinin yaşı 15-dən yuxarı idisə, indi onların orta yaşı 7 ildir.

 

İqtisadiyyat