Artiq çəkiyə son!

post-img

Azərbaycan və Türkiyə mütəxəssisləri bu mövzunu birgə müzakirə ediblər

Xəbər verildiyi kimi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Sağlam addımlar: artıq çəkiyə son” layihəsi çərçivəsində “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirib. Məqsəd ictimaiyyət arasında artıq çəkinin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, düzgün həyat tərzinin təşviqi və qabaqlayıcı tədbirlərin vacibliyi barədə insanları bilgiləndirməkdir.

Layihənin rəhbəri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva açılış nitqində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi maarifəndirmə işindən, keçirilən aksiyalardan söz açıb. Ölkədə aparılan uğurlu səhiyyə islahatlarından bəhs edən natiq bildirib ki, Vətən müharibəsindən sonra qalib xalqın nümayəndələri olaraq qürur hissi ilə belə konfranslar həyata keçirə bilirik. 

Konfransın mövzusuna uyğun olaraq, o, artıq çəkidən əziyyət çəkən insanların sayının artmasının qlobal miqyasda narahatedici göstərici olmasını və bu istiqamətdə maarifəndirmə tədbirlərinin aparılmasının zəruriliyini qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri doktoru  Rəşad Mahmudov konfransın əhəmiyyətini qeyd edərək bildirib ki, artıq çəki, sadəcə, zahiri görünüşlə bağlı deyil, ciddi sağlamlıq riskləri yaradan problemdir və bu sahədə vahid yanaşmaların formalaşdırılması böyük əhəmiyyət daşıyır. Alim “Ateroskleroz və kliniki protokollar: necə etməliyik və nə üçün” mövzusunda məruzə edərək müasir yanaşmalar və tətbiq olunmalı praktik addımlar barədə fikirlərini bölüşüb.

Daha sonra TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov qeyd edib ki, artıq çəkinin idarə olunması təkcə fərdi deyil, eyni zamanda ictimai səhiyyə baxımından da prioritet məsələlərdəndir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə piylənmənin profilaktikası istiqamətində aparılan elmi və praktiki işlərin tibbi sığorta sistemin də də prioritet istiqamətlərdən olmasını və bu mövzuda beynəlxalq təcrübələrin öyrənilməsinin vacibliyinə diqqət çəkib.

Yeni Klinikanın direktoru Barat Yusubov müzakirənin önəmini vurğulayaraq, sağlam həyat tərzinin təbliğinin tibb mütəxəssislərinin gündəlik fəaliyyətinə inteqrasiya olunmasının vacibliyini diqqətə çatdırıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova sağlam həyat tərzinin tibbi-elmi meyarlarını xatırladıblar.

Konfrans iştirakçılarına “Artıq Çəki və Düzgün Həyat Tərzi: Sağlam Gələcək” adlı maarifəndirici videoçarx təqdim olunub.

Z.BƏŞİRQIZI

XQ

 

 

 

 

Sosial həyat