61 rayonda biçin gedir

post-img

Respublikada taxıl biçini prosesi sürətlə davam edir. Artıq payızlıq əkin sahələrinin 26,5 faizində biçin başa çatıb. İndiyədək sahələrdən 641 min 423 ton arpa, 213 min 460 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 52,8 faizində, buğda sahələrinin isə 10 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin ictima­iyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına əsasən, payızlıq əkinlər mövsümündə Kürdəmir rayonun­da 42 min 842 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 10 min 515 hektar buğ­da, 32 min 327 hektarı isə arpa sahələ­ridir. İndiyədək rayon üzrə 24 min 847 hektar sahədə biçin aparılıb, sahələrdən 77 min 750 ton məhsul yığılıb. 

Hazırda rayonda taxıl üzrə orta məh­suldarlıq 31,3 sent/ha təşkil edir. Kür­dəmirdə arpa sahələrinin 68 faizində, buğda sahələrinin isə 30 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.

Rayonda biçin prosesinə cəlb olunan 71 kombayndan 23-ü “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərə­findən digər rayon bölmələrindən Kürdə­mirə 20 əlavə kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərə məxsus 28 özəl kombayn da cəlb olunub. Rayonda biçin prosesinin qısa müddətdə tam başa çatacağı gözlənilir.

Hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə 1446 kom­bayn cəlb olunub. Ölkə üzrə 83 min 995 hektar “Aqroservis” ASC-nin kombaynla­rı, qalan hissəsi isə özəl kombaynlar va­sitəsilə biçilib. “Aqroservis”in kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.

Bu il ölkə ərazisində 1 milyon 58 min 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 min 383,7 hektarı buğda, 400 min 15,2 hektarı isə arpa sahəsidir.

“Xalq qəzeti”

İqtisadiyyat