İyunun 8-də “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayacaq.
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunacaq.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərginin başlıca üstünlüyü iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.
İyunun 10-dək davam edəcək sərgi çərçivəsində, həmçinin, “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər”, “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirələr təşkil oluncaq, ikitərəfli görüşlər keçiriləcək.
Sərgi 8-10 iyun tarixlərində saat 10.00–18.00-da Bakı sakinləri və şəhərimizin qonaqları üçün açıqdır. Sərgiyə giriş ödənişsizdir.
Qeydiyyat üçün: https://bit.ly/3Ny5T73
Anar ƏLİ,
“Xalq qəzeti”