Seuldakı Multikulturalizm Muzeyində Azərbaycan guşəsi yaradılacaq

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya Respublikasına səfəri çərçivəsində Hankuk Xarici Dillər Universitetinin beynəlxalq əlaqələr və maliyyə məsələləri üzrə vitse-prezidenti Tae Yeoub Yangla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə vitse-prezident universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Mərkəzi Asiyada ilk olaraq Hankuk Xarici Dillər Universitetində Azərbaycan-Türk dillərinin tədrisi kafedrasının fəaliyyət göstərib, kafedranın nəzdində Azərbaycan Mərkəzinin yaradılıb, Azərbaycanla tələbə mübadiləsi aparılıb.

Komitə sədri universitetdə Azərbaycan-Türk dillərinin tədrisi kafedrasının yaradılmasına görə təşəkkürünü bildirib. O, Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin yaradılması tarixi, fəaliyyət istiqamətləri, həyata keçirildiyi layihələr, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında körpü rolunu oynayan “BUTA” Koreya-Azərbaycan Dostluq Assosiasiyası və Koreya Respublikasında müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr barədə danışıb.

Görüş zamanı əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Komitə adından universitetə Azərbaycana həsr olunmuş kitablar hədiyyə edilib.

Sonra Komitə sədri Seul şəhərindəki Multikulturalizm Muzeyinin fəaliyyəti ilə tanış olub. Muzeyin direktoru Kim Yun Tae beşmərtəbəli binada yerləşən mədəniyyət ocağının fəaliyyəti barədə ətraflı məlumat verib.

Komitə sədri muzeydə Azərbaycan guşəsinin açılması təklifini diqqətə çatdırıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu söyləyib.

Muzeyin direktoru bildirib ki, hazırda muzeyin daha böyük yerə köçürülməsi ilə bağlı danışıqlar aparılır və gələcəkdə muzeydə Azərbaycan guşəsi də yaradılacaq. O, Azərbaycana səfər etmək niyyətində olduğunu vurğulayıb.

Əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin sonunda Komitənin adından muzeyə xatirə hədiyyələri təqdim olunub.

Fuad Muradovun Koreya Milli Assambleyasının Kitabxanasının baş direktoru Li Myunq Vu ilə görüşündə Azərbaycan ilə Koreya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, Azərbaycan diasporunun yerli cəmiyyətə inteqrasiyası, aktiv ictimai fəaliyyəti və azərbaycanlı gənclərin Koreyada təhsildə qazandığı uğurlar haqqında danışılıb. O, Assambleya Kitabxanasının fonduna Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə və ictimai həyatına aid kitablar hədiyyə edib.

Baş direktor hazırda kitabxananın fondunda 7 milyondan çox kitabın olduğunu bildirib. O, eyni zamanda, kitabxananın tarixi, son zamanlardakı inkişafı və Azərbaycanla əməkdaşlıq istiqamətində nəzərdə tutulan işlər haqqında məlumat verib.

Komitə sədri kitabxananın tarixi, informasiya sistemi, oxu zalları və fəaliyyəti ilə tanış olub.

Sosial həyat