“Şahdəniz” layihəsi çərçivəsində hasilat artır

post-img

Azərbaycanı dünyanın potensial qaz ölkəsinə çevirən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi uğurla davam etdirilir. Artıq “Şahdəniz”qazı Avropa məkanında özünə daha çox alıcı tapır. XXI əsrin ən böyük eneji marşrutu sayılan Cənub Qaz Dəhlizi ilə Avropaya göndərilən qaz həcmlərinin artırılması isə “Şahdəniz” layihəsi səhmdarlarının səmərəli fəaliyyətindən asılıdır. 

Xatırladaq ki, “Şahdəniz” layihəsi­nin iştirakçıları BP (operator – 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NİKO (10 faiz) və Cənub Qaz Dəhlizi (6,67 faiz) şirkətləridir. “BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2023-cü ilin birinci rübündə “Şahdəniz” layihəsinin əmə­liyyat tədbirlərinə 678 milyon dollar, əsaslı məsrəflərinə isə 194 milyon dol­lar xərclənib. Həmin vəsaitin isə böyük əksəriyyəti hazırda fəal işlənmə mər­hələsində olan “Şahdəniz-2” layihəsinə sərf edilib.

Rüb ərzində qazın “Şahdəniz” yata­ğından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılma­sı davam etdirilib. Zəngin qaz və konden­sat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat plat­forması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü təxminən 74 milyon (ildə 27 milyard kubmetrdən artıq) kubmetr təşkil edir. Cari ilin ilk rübündə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” adlı platformalardan, ümumilikdə, təqribən 7 milyard kubmetr qaz və 1 milyon tondan artıq kondensat çıxarılıb. 

Məlum olduğu kimi, layihə səhmdarla­rının yekdil qərarına əsasən, “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi qərara alınıb. Xatırladaq ki, birinci işlən­mə mərhələsi çərçivəsində tikinti-quraş­dırma işlərinə 2003-cü ilin əvvəllərində, hasilata isə 2006-cı ilin sonlarında baş­lanılıb. Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından se­çilir. Hazırda “Şahdəniz-2” layihəsi çərçi­vəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dün­ya üzrə operatoru olduğu ən iri sualtı in­frasrukturdur. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə bir­ləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbay­can ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompres­sor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir. 

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” qu­yusunun istismara verilməsi ilə “Şahdə­niz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların is­tismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yata­ğın qərb-cənub cinahını işlənməyə daxil ediblər. 

2023-cü ilin birinci rübündə “Şahdə­niz-2” layihəsi çərçivəsində aparılan işlər yatağın şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib. Quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasının üst modullarında davam etdirilib. Layihə çərçivəsində ya­tağın qərb-cənub və şərq-şimal cinahla­rında yeni sualtı fontan armaturalarının quraşdırılması tamamlanıb, şərq-şimal cinahının hasilat axın xətlərinin sınaq iş­ləri başlanıb. Bütün bu işlər isə sahədə qazma əməliyyatları aparacaq “İstiqlal” qurğusu əraziyə gətirilənədək tam başa çatdırılmalıdır. 

Bu ilin yanvar-mart aylarında konsor­sium iştirakçıları tərəfindən qazma əmə­liyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Hesabat dövründə “Şahdəniz Alfa” platformasının qazma qurğusunda profilaktik işlər aparıldığın­dan yeni quyu qazılmayıb. Bununla belə, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsin­də quyuların tamamlama işləri “İstiqlal” qazma qurğusu vasitəsilə davam etdirilir. Ümumilikdə isə, ötən müddətdə “Şahdə­niz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində 21 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şi­mal, 4-ü qərb, 4-ü şərq, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qazılıb. Bundan əlavə, hazırda səhmdarlar tərə­findən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş çərçivəsində yeni bir kəşfiyyat quyusunda qazma işləri aparılır. Qeyd edək ki, SDX-8 adlandırı­lan həmin quyunun qazılmasına 2023-cü il yanvarın 20-də Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə başlanılıb. “Şahdəniz” yatağının şərq ci­nahında yerləşən quyu yatağın hazırda istismarda olan məhsuldar laylarının al­tındakı daha dərin horizontları qiymətlən­dirmək məqsədilə qazılır.

“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Sən­gəçal terminalına nəql olunur. Buradakı mövcud qurğular qazı qəbul edərək Cə­nubi Qafqaz boru kəmərinə ötürür. Ötən il boru kəmərinin səmərəli idarə edilməsi məqsədilə yaradılmış şirkətin səhmdar­ları tərəfindən CQBK-nin əməliyyat təd­birlərinə təqribən 20 milyon dollar, əsaslı məsrəflərinə isə 2 milyon dollar xərclənib. 

Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alıcı­lara daha çox qaz çatdırmaq məqsədilə kəmərin imkanları xeyli genişləndirilib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcm­lərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. 

2023-cü ilin ilk rübü ərzində CQ­BK-nin ixrac üçün gündəlik orta ötürücü­lük gücü 61,6 milyon kubmetr təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda magist­ral qaz kəmərləri ilə 11 milyard 520,3 milyon kubmetr qaz nəql edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur. Qaz nəqlinin 47, 8 faizi və ya 5 milyard 511,4 milyard kubmetri Cənu­bi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat