Cari ilin ötən dövründə dünya iqtisadiyyatında sürətli transformasiya və enerji bazarlarında müəyyən dəyişikliklər baş verib. Dünyanın enerji bazarında müşahidə edilən qeyri-sabitliyə, həmçinin qlobal iqtisadi fəallığın zəifləməsinə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin birinci rübünü uğurla başa vurmağa nail olub.
Rüb ərzində əldə edilən uğurlara şirkət üzrə idarəetmənin təkmilləşdirilməsi, müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlılığının gücləndirilməsi və əməliyyat səmərəliliyinin artırılması sayəsində nail olunub. Bu kimi müsbət amillərin nəticəsidir ki, cari ilin ilk rübündə şirkətin əsas istehsalat göstəricilərində müsbət tendensiya müşahidə olunub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz müsbət təsirini göstərib.
Hazırda ölkəmizin quru və dəniz əraziləri üzrə 50-dən artıq yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyalardan istifadə edilməklə, ətraf mühitə ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat və qazma işləri aparılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən redaksiyamıza verilən məlumata görə, ölkədə neftçıxarmanın sabit saxlanması, qaz hasilatının isə artırılması istiqamətində tədbirlər cari ilin birinci rübündə də davam etdirilib. Belə ki, hesabat dövründə SOCAR tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.
Bu ilin ilk rübündə şirkət tərəfindən 1,9 milyon tondan çox neft və 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım qeydə alınıb. Bütövlükdə isə, 2023-cü ilin birinci rübü ərzində ölkə üzrə 7,7 milyon tondan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. İlin ötən dövründə ölkə üzrə qaz hasilatında 3 faizlik artım qeydə alınıb.
Yeri gəlmişkən, ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Azərbaycanın şaxələndirilmiş ixrac sisteminin uğurlu fəaliyyəti əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ilin yanvar-mart aylarında da davam edib.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2 faiz artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində özünün və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Bu baxımdan, cari ilin birinci rübündə ölkə üzrə 6,4 milyon tondan çox neft və 6,3 milyard kubmetrdən artıq qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artım baş verib.
Son illər ölkə əhalisinin “mavi yanacaq”la təminatının daha da yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir, indiyədək qaz almayan yaşayış məntəqələrində lazımi infrastruktur yaradılır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə regionlarda 44 şəhər və rayonu, Bakı şəhərində isə 3 rayonu əhatə etməklə 100-ə yaxın kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsi qurulub. Bu il isə daha 150-yə yaxın yeni yaşayış massivində və kənddə daşıyıcı və paylayıcı qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulur.
Bütün bu işlərin nəticəsidir ki, ölkə üzrə qazlaşmanın səviyyəsi ilbəil artır. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə Azərbaycanda qazlaşmanın səviyyəsi 62,2 faiz təşkil edirdisə, hazırda bu göstərici 96,3 faizə çatıb. Bu da son 13 ildə 34,1 faiz artım deməkdir. Yeni yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı isə ölkə üzrə qaz istehlakının artmasına səbəb olur. SOCAR-ın rüblük hesabatına əsasən, cari ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4,8 milyard kubmetr təşkil edib.
Azərbaycan dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Son illər ölkəmizin neft emalı kompleksində bir sıra yenidənqurma işləri həyata keçirilib ki, bu da neft məhsullarının istehsalının artırılmasına və keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olub. Cari ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,7 milyon tona yaxın neft emal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 140 min ton və ya 5,4 faiz artım deməkdir. Hesabat dövründə ölkə üzrə, həmçinin 892 milyon kubmetrdən çox təbii qaz emal olunub.
İlin ilk rübündə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 478,1 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici ölkələrə ixrac edilib.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”