İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2023-cü ilin yanvar–mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 912,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin üç ayı ilə müqayisədə 23,2 faiz artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon ABŞ dollarına çatıb. Cari ilin yanvar–mart ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,4 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3 faiz artıb.
Bu ilin ilin ilk 3 ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı ixracı (37 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (36 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
İlin birinci rübündə Türkiyəyə 339,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 200,7 milyon ABŞ dolları, Gürcüstana 109,2 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 29,7 milyon ABŞ dolları, Qazaxıstana isə 27,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.
Bu ilin mart ayının qeyri-neft ixracı isə 261 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 52,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 208,8 milyon ABŞ dollarına bərabər olub.
Həmin dövrdə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (66 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası (63 milyon ABŞ dolları) ikinci və Gürcüstan (44,5 milyon ABŞ dolları) üçüncü olub.
Cari ilin üçüncü ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (53,8 milyon ABŞ dolları) birinci, meşə fındığı (13,7 milyon ABŞ dolları) ikinci və ilkin formalı polipropilen (12,4 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı”nda göstərilib ki, 2023-cü ilin aprel ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,6 milyon ABŞ dolları təşkil edib.
Bu ilin birinci rübündə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 40 ölkəsinə 5,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. Əldə olunan gəlir isə onun ümumi gəlirlərinin 80 faizinə bərabər olub.
Nihat Qorqud ƏLİYEV,
iqtisadçı-ekspert
Azərbaycanın ixrac marşrutunun getdikcə genişlənməsi bir sıra amillərlə yanaşı, son illər ərzində fəaliyyətə başlayan sənaye parkları və məhəllələrində keyfiyyətli məhsul istehsal ilə sıx bağlıdır. Bu, eyni zamanda, respublikadakı mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparkların idarəetməni, habelə nəzarət mexanizmlərini daha yüksək səviyyədə təşkil etməsindən xəbər verir. Həmçinin həmin müəssisələrdə həyata keçirilən tədbirlərin səmərəliliyini, sıx koordinasiya, sistemlilik prinsiplərinə böyük əhəmiyyət verildiyini göstərir. Bütün bunlarla yanaşı, son illərdə iqtisadiyyatda kiçik və orta biznesin dominantlığının xeyli yüksəlməsi, xüsusilə dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastrukturların fəaliyyətində ixrac prosesi xüsusi önəmli yer tutur.
Burada onu da deyək ki, respublikamızın ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Azərbaycanın ixrac əməliyyatlarından danışarkən qeyd edək ki, son illər ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən, ərzaq mallarının çəkisi xeyli artıb. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu səhədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli artıb.
Buradan aydın olur ki, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının reallaşdırılması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrin həcminin və coğrafiyasının daha da genişlənməsinə müsbət təsir göstərib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”