Laçın şəhərində tikinti, bərpa-quruculuq layihələri sürətlə həyata keçirilir. Bu prosesə bütün imkanlar səfərbər edilir, sərmayələr qoyulur. Şəhər dağlar qoynunda cənnəti xatırladacaq bir məkana çevrilir. Məqsəd isə Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır. Şəhərə ilk dönəcək ailələrdən biri də Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru Şəbnəm Uğurlunun ailəsidir. O deyir:
– 1992-ci ildə Laçın şəhərində vəziyyət çox ağır idi. Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri rayon mərkəzini intensiv artilleriya silahlarından atəşə tuturdu. Düşmən mayın 16-dan 17-nə keçən gecə Şuşanın Turşsu kəndi ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçdi. Şəhərdə çox ağır vəziyyət yaranmışdı. May ayının 17-dən 18-nə keçən gecə isə qocalar, qadınlar və uşaqlar şəhərdən çıxarılaraq daha təhlükəsiz yerlərə yola salındı. Xalam Sumqayıtda yaşadığı üçün biz ora pənah apardıq. O, 3-4 gün onlarda qaldıq. Az sonra atam Tofiq Əhmədov da gəldi. O, Laçını sonuncu tərk edənlərdən idi...
Şəbnəm Uğurlu danışır ki, Laçında təzəcə tikilmiş evləri qalıb. Həyətlərindəki qollu-budaqlı tut ağacından asılan və hər gün yelləndiyi qızılı zəncirli yelləncəyi isə indiyədək unutmayıb.
Həmsöhbətim ermənilərin vurduqları maddi ziyandan daha çox mənəvi əzablar yaşatdıqlarını xatırladır. Fikirlərinin təsdiqi kimi, uşaqlığını yaşaya bilməməsini, yad evlərə sığındıqlarını, torpaq, yurd həsrətinə dözməyib dünyasını vaxtsız dəyişən ata itkisini unutmamasını yanğı ilə söyləyir.
...Şəbnəm Laçın rayonu işğaldan azad olunandan sonra üç dəfə doğma torpaqları ziyarət edib. Birinci səfəri zamanı Rusiya sülhməramlıları onun Laçın şəhərinə, evlərinə getməsinə icazə verməyib, ancaq kəndləri gəzib. Sonrakı səfərlərində isə bu istəyinə qovuşub, doğma od-ocaqlarına baş çəkib. Atasının saldığı bağdan əsər-əlamət qalmadığını görəndə isə düçüncəsində düşmənin nə qədər vəhşi, barbar olduğu qənaəti daha da möhkəmlənib.
...Laçının dağları, dərələri, çayları laçınlıların qayıdışını gözləyir. Bu qayıdış üçün isə şəhərin baş planına uyğun olaraq yeni evlərin tikintisi və bərpası sürətlə həyata keçirilir və aparılan işlərin böyük bir qismi artıq başa çatmaq üzrədir. Buna görə də 700-dən çox ailənin bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəyi nəzərdə tutulur.
Şəbnəm Uğurlunun ailəsi də birinci köçlə Laçına qayıdacaq. Artıq bu barədə anasına zəng edilərək məlumat verilib. O deyir:
– Anam Laçına ayaqyalın gedib 30 ildən sonra doğma od-ocağına qovuşmasını əhd edib. Onu bu evə xatirələri–xoşbəxt yaşadığı keçmiş illər bağlayır. O həyacanlıdır, qayıdış gününü səbirsizliklə gözləyir, Laçının hər bir daşı, meşəsi, ağacı, təmiz havası, dumduru suyu, nəhayət, təmirdən çıxmış evi üçün darıxır.
Bu evdə işğal dövründə ermənilər yaşayıblar, evin quruluşunda dəyişiklik ediblər, vaxtilə divara çəkilən naxışların üstünü rəngləyiblər. Laçını tərk edərkən isə qapı-pəncərələri, dam örtüyünü sökərək özləri ilə aparıblar...
Şəbnəm Uğurlu deyir ki, böyük köçə hazırlaşırlar: “Tezliklə uşaqlığımı qoyub gəldiyim o yerlərə dönəcəyəm. Biz doğma Laçınımıza gedəcək, əmək fəaliyyətimizi orada davam etdirəcəyik. Yoldaşım Orxan Cəbrayılov həkimdir, Laçın Təcili Tibbi Yardım Xidmətinin müdiridir. Yəqin ki, o, bizdən daha tez gedəcək.
Rəhbərlik etdiyim məktəbin şagirdlərinini əksəriyyəti də Laçın şəhərindən məcburi köçkün ailələrdə böyüyən uşaqlardır. Onlar da işğaldan azad edilmiş doğma yurda qayıtmaq, təhsillərini hələ üzünü görmədikləri, amma haqqında böyüklərin həsrət və sevgi ilə danışdıqları doğma şəhərlərində davam etdirmək istəyirlər.
İnanıram ki, Vətən həsrəti ilə dünyadan köçən atamın ruhu da o gün şad olacaq”, – deyir.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri