Ölkə Prezidentinin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Qazax rayonunun sərhəddə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.
Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 kilometr magistral, 76 kilometr şəbəkə su xətlərinin inşası layihələndirilib. Bu kəndlərdə əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq.
Hazırda “Azərsu” ASC tərəfindən sözügedən kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə bulaq komplekslərinin və su anbarlarının inşası, həmçinin su xətlərinin çəkilişi davam edir.
Bu günlərdə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsi, mütəxəssislər Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə yerində tanış olublar. Onlar bulaq komplekslərinin və su anbarlarının tikintisi, eləcə də su xətlərinin çəkilişi ilə bağlı görülmüş işlərin icra vəziyyətini əhali ilə birgə müzakirə ediblər, təklifləri dinləyib, müvafiq tapşırıqlarını veriblər.
Sakinlər görüş zamanı sözügedən kəndlərin mövcud relyefini nəzərə almaqla, bulaq layihəsinin gələcəkdə ləğv edilərək hər bir evə sayğac quraşdırılmaqla, fərdi qaydada su xəttinin çəkilməsini xahiş ediblər.
Vətəndaşları dinləyən qonaqlar səslənən fikirlərə, təkliflərə həssaslıqla yanaşılacağını, çoxsaylı müraciətləri nəzərə alaraq, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını bildiriblər.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri