Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB Evi inşa edilir. Sahəsi 2183 kvadratmetr təşkil edən bu bina iki mərtəbədən və zirzəmidən ibarət olacaq.
Burada 70 xidmət masası quraşdırılacaq və Gəncə–Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri, habelə digər qurumlar tərəfindən 150- yə yaxın dövlət-biznes xidmətləri göstəriləcək. Eyni zamanda bank, sığorta, lizinq, broker kimi özəl təşkilatların da zəruri biznes xidmətlərindən yararlanmaq mümkün olacaq. “Gəncə KOB Evi”nin 2023-cü ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulub.
Qeyd edək ki, kiçik və orta biznes evləri sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir. KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq, vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda müasir innovasiyaları tətbiq etməklə, dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə, qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir.
KOB evlərində xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etmələrinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmalarına imkan verir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri