Azərbaycan Avrasiyanın enerji xəritəsinə yeni ünvanlar əlavə edir

post-img

Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığı ölkəmizə inamı getdikcə artırır. Elə bunun nəticəsidir ki, artıq əksər Avropa ölkələri ilə münasibətlərimiz dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin təbirincə desək, artıq Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Bu baxımdan ölkəmizin strateji tərəfdaşı olan Bolqarıstanla əlaqələ­rimiz xüsusi əhəmiyyət daşıyır. Ötən müddətdə qarşılıqlı səfərlər ölkələri­miz arasında münasibətlərə xüsusi dinamizm gətirib, bir çox sahələrdə, o cümlədən enerji sahəsində əmək­daşlığa təkan verib. Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin aprelin 25-də dost ölkəyə növbəti səfə­rinin əhəmiyyəti isə daha böyükdür. Elə səfər çərçivəsində Sofiyada “Bul­gartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təş­viqi ilə bağlı Anlaşma Memorandumu”­nun imzalanması da bunu təsdiqləyir. Xatırladaq ki, Memorandum Azərbay­candan Avropaya əlavə qazın tədarü­kü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın is­tiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandı­rılan Bolqarıstan, Rumıniya, Macarıs­tan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə keçirilən imzalanma mərasimində Avropa İttifaqının ener­getika məsələləri üzrə komissarı Kadri Simsonun videomüraciəti səsləndirilib. Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alter­nativ marşrutlar üçün çərçivə təmin edəcəyini və bu məsələdə ölkəmizin roluna toxunan komissar Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı oldu­ğunu sübuta yetirdiyini bir daha bəyan edib. O, Avropa Komissiyasının Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəklədiyini bildirib. 

Mərasimdə çıxış edən Prezident İlham Əliyev Anlaşma Memorandu­munun imzalanmasını əməkdaşlığın gücləndirilməsində atılan növbəti ad­dım kimi səciyyələndirib. Ötən ilin iyul ayında Avropa Komissiyasının iştirakı ilə imzalanmış “Enerji sahəsində Stra­teji Tərəfdaşlığa dair Anlaşma Memo­randumu”nu xatırladan dövlətimizin başçısı deyib ki, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaş­dırır: “2021-ci ildə biz Avropaya 8 mil­yard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Belə­liklə, həmin həcm bu il üçün planlaşdır­dığımız 24,5 milyard kubmetr səviyyə­sində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək... Bu gün Azər­baycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”. 

Anlaşma Memorandumunun imza­lanmasını Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqələndirən Prezident Rumen Radev çıxışında Prezident İl­ham Əliyevin Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut et­diyini vurğulayaraq deyib ki, on ildən artıq müddət bundan əvvəl imzalan­mış müqaviləyə əsasən Azərbaycan bir ildən çoxdur ki, Bolqarıstanı etibarlı şəkildə təbii qazla təchiz edir: “Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə cid­di şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İt­tifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Ko­missiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İtti­faqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təs­diq olundu”.

Mərasimdə çıxış edən Bolqarısta­nın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət na­ziri Peter Siyarto, Rumıniyanın ener­getika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman “Həmrəylik Halqası” Anlaş­ma Memorandumunu layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisi kimi dəyərləndirərək Azərbaycan qazı­nın Avropa üçün xüsusi önəmini qeyd etdilər.

Slovakiyanın iqtisadiyyat naziri Karel Hirmanın Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xid­mətlərini xatırlaması isə bir daha sübut etdi ki, Avropada Azərbaycanın enerji siyasətinə hörmət və diqqət ən yüksək səviyyədədir. “Həmrəylik Halqası”nın icrası isə, heç şübhəsiz, Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələri yeni mər­hələyə daşımaqla yanaşı, Azərbay­can–Balkan ölkələri münasibətlərində yeni səhifə açacaq.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycan 2022-ci il iyulun 18-də Avropa İttifaqı ilə enerji əməkdaş­lığına dair memorandum imzalayıb. Həmin sənədlə Avropa İttifaqı Cə­nub Qaz Dəhlizinin genişləndirilmiş hissəsi ilə bütün qazın Azərbaycan­dan alınmasına razılığını ifadə edib. Avropa qanunlarına görə isə, bir kəmərlə bir mənbədən 50 faizdən artıq qaz alınması mümkün deyil. Bununla belə, mövcud şəraiti nəzərə alan Avropa İttifaqı bütün qazın Cə­nub Qaz Dəhlizinin genişləndirilmiş hissəsi ilə Azərbaycandan gəlmə­sinə etiraz etməyib. Ondan sonrakı dövrdə aparılan danışıqlar, araşdır­malar isə qazın hansı istiqamətdə Avropanın hansı hissəsinə axması ilə bağlı olub. 

Aprelin 25-də Sofiyada imzalan­mış memorandum qaz infrastruk­turunun yaxşılaşdırılması və “mavi yanacaq”la təminat məsələlərini özündə ehtiva edir. Yəni memoran­duma imza atan ölkələr özlərinin birləşdirici qaz kəmərlərini ona görə birgə səylərlə genişləndirib inkişaf etdirirlər ki, lazımi qaz həcmlərini Azərbaycandan ala bilsinlər. Bu da ondan ibarətdir ki, artıq Avropa­ya çıxarılacaq 10 milyard kubmetr əlavə qaz həcmlərinin 7-8 milyard kubmetri Cənuba doğru deyil, Şərqi və Mərkəzi Avropaya, eləcə də bir sıra Balkan ölkələrinə yönəldiləcək. 

Memorandumu imzalamış Bolqarıstanın Azərbaycanla 1 milyard kubmetr həcmdə qazın alqı-satqısına dair müqaviləsi var. İndi isə bu ölkə Azərbaycandan al­dığı qazın həcmini iki dəfə artırmaq istəyir. Bundan əlavə, memoran­dumun digər iştirakçıları– Rumıni­ya ən azından 2 milyard kubmetr, Macarıstan 2-3 milyard kubmetr, Slovakiya isə 1,5 milyard kubmetr Azərbaycan qazını almağı hədəflə­yir. Eyni zamanda, Serbiya və Xor­vatiya ölkəmizdən birlikdə 2 milyard kubmetr qaz almaq niyyətindədir. Belə olan təqdirdə Azərbaycan qa­zının yalnız 2 milyard kubmetri Cə­nuba doğru axa bilər. Həmin həcmin də 0,5 milyard kubmetri Albaniyaya, 1,5 milyard kubmetri isə İtaliya ba­zarına yönələcək. Qazın yerdə qa­lan hissəsini isə Yunanıstan əldə etmək istəyir. 

Bu da Azərbaycan enerjidaşıyı­cılarının ixracının şaxələndirilməsi siyasətinə sadiqliyini bir daha təs­diq edir. Yeri gəlmişkən, 2005-ci ildə Avropa Parlamenti Avropa Ko­missiyasına enerjidaşıyıcılarının idxalının şaxələndirilməsi ilə bağlı tövsiyə vermişdi. Azərbaycan isə yaxın illərdə məhz Avropa məkanın­da şaxələndirmə siyasətini həyata keçirməyə müvəffəq olacaq. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat