Bakıda Avropa üzrə kibertəhlükəsizlik müzakirələri

post-img

"Flame Towers"də Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı keçirilən konfrans kibertəhlükəsizliyin geniş spektri ilə məşğul olan peşəkar mütəxəssisləri bir araya gətirib.

Tədbir “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri. Ölkə üzrə kibertəhlükəsizliyə və kibercinayətlərə ic­timai münasibət” adlanırdı.

Konfransda bildirilib ki, dünya əhalisi­nin 63 faizi, yaxud 5 milyard nəfəri qısa bir dövrdə rəqəmsal əhaliyə çevrilib. Hər il onların sayında orta hesabla 200 milyon artım baş verir. Bu qlobal transformasiya müsbət meyllərlə bərabər, İKT-dən asılı­lıq kibercinayətlər kimi yeni təhdidlər də gətirir. Bu fikirləri konfransın moderatoru, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquq­ları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, son illər sürətlə inkişaf edən “süni intellekt” texnologiyaları da kiber təhlükələrə qlobal xarakter verdi: “Davosda ənənəvi Dünya İqtisadi Fo­rumu ekspertlərinin hazırladığı “Qlobal Təhdidlər” – “Global Threats 2018” he­sabatında təbii fəlakətlərdən və qlobal is­tiləşmədən sonra kibercinayətlər siviliza­siya üçün ən mühüm təhlükə adlandırıldı. 

Azərbaycan kibertəhlükəsizlik üzrə Avropa Konvensiyasına qoşulub. Ölkə­mizdə kibertəhlükəsizlik yüksək səviy­yədə təmin olunur. Bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təş­kilatları ilə iş və kommunikasiya şöbə­sinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə səsləndirib. O, Beynəlxalq Telekommunikasiya İttifaqı­nın hazırladığı kibertəhlükəsizlik üzrə so­nuncu indeksdə Azərbaycanın 169 ölkə arasında 15 pillə irəliləyərək 40-cı pilləyə yüksəldiyini bildirib.

Kibertəhlükəsizlik üçün ilk növbədə təhsil sistemində – orta və ali məktəblər­də lazımi biliklər aşılanmalıdır. Kibertəh­lükəsizlik kompleks məsələdir və burada güclər birləşdirilməlidir. Bu fikirləri rəqəm­sal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib. 

Bundan başqa, Xüsusi Rabitə və İn­formasiya Təhlükəsizliyi Dövlət Xidmə­tinin rəsi müavini Azər Əhədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükə­sizlik Mərkəzinin rəisi çıxışlarında kiber­cinayətlərə qarşı mübarizənin vacibliyin­dən söz açıblar. 

Tədbir millət vəkilləri, dövlət təmsil­çiləri, kibertəhlükəsizliklə məşğul olan mütəxəssislərin və media nümayəndələ­rinin çıxışları ilə başa çatıb.

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat