“Qara qızıl” Neft Fonduna 167 milyard dollar qazandırıb

post-img

“Əsrin müqaviləsi” çərçivəsində indiyədək 4,2 milyard barel neft hasil olunub. Ötən müddətdə sözügedən müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna 167 milyard dollar vəsait daxil olub. Bundan əlavə,“Şahdəniz” yatağı üzrə hasilatın ilk günündən bugünədək təxminən 189 milyard kubmetr qaz hasil edilib. 

Bu barədə BP-nin Xəzər bölgə­sində xarici əlaqələr və kommunika­siya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ulu öndər Heydər Əliye­vin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfransda çıxışı za­manı məlumat verib. 

Mənfəətdən əldə olunan gəlirlə­rin ölkə iqtisadiyyatı, sosial və digər sahələrin inkişafı üçün əhəmiyyətinin böyük olduğunu vurğulayan B. Aslan­bəyli qeyd edib ki, hazırda Xəzərin Azərbaycan sektorunda 8 platforma var. İyun ayında isə Azəri-Mərkə­zi-Şərqi platformasının quraşdırıl­ması yekunlaşdırılacaq. O, həmçinin qeyd edib ki, mövcud platformalarda və Səngəçal terminalında dünyanın neft və qaz sahəsində ən son texno­loji avadanlıqlar tətbiq olunur. 

Qeyd edək ki, “Şahdəniz” pers­pektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sa­ziş 1996-cı il iyunun 4-də imzalanıb. Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub.1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yata­ğının kəşfi və qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dün­yanın qaz ixrac edən ölkəsinə çevirib. 

“Azəri-Çıraq-Günəşli” (AÇG) ya­taqlar blokunun işlənməsi haqqında müqavilə isə 1994-cü il sentyabrın 20-də imzalanıb. Müqavilənin müd­dəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakı­da AÇG blokunun işlənməsi haqqın­da 2050-ci ilədək olan dövrü əhatə edən yeni saziş imzalanıb. Bakıdan təxminən 100 kilometr şərqdə yer­ləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun ehtiyatları 1 milyard 72 mil­yon ton həcmində müəyyən edilib.

“Xalq qəzeti”

İqtisadiyyat