Sahibkarlığın milli iqtisadiyyata töhfəsi artır

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarovun məlumatına görə, bu ilin ötən 3 ayı ərzində sahibkarlığın təşviqi və biznes mühitinin təkmilləşdirilməsi nəticəsində investisiyaların həcmində əsaslı artıma nail olunub, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu ötən ilin müvafiq dövrünə nisbətən 51,7 faiz artaraq 2 milyard 251,7 milyon manata çatıb. 

Dövlət Vergi Xidmətinin bu göstəri­cilərlə bağlı səsləşən informasiyasında isə bildirilir ki, ölkədə sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi, leqal fəaliyyətin gücləndirilməsi, yeni yanaşmalar, vergiödəyiciləri ilə təmas­sız münasibətlər və rəqəmsal xidmət­lərin əhatəsinin genişləndirilməsi büd­cə gəlirlərinin artmasına müsbət təsir göstərib. Belə ki, cari ilin yanvar–mart ayları ərzində adıçəkilən bu qurumun xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat həcmində vergi daxil olub. Bu isə ötən ilin müvafiq döv­rü ilə müqayisədə 74,8 faiz və ya 2,1 milyard manat artım deməkdir.

Qeyri–neft–qaz sektorunda daxilol­malar 2 milyard 618 milyon manat təşkil edib. Keçən ilin I rübü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 16,4 faiz çox olub. Dövlət Vergi Xidmətinin xətti ilə cari ilin üç ayı ərzində proqnoz­dan əlavə 1,1 milyard manatdan çox vəsait toplanıb.

Burada bir məqamı da xüsusi vur­ğulamaq istərdik. Vergi daxilolmaları həcminin yüksəlməsində fərdi sahib­karların sayının getdikcə artması da mühüm rol oynayıb. Respublikada biznes mühitinin təkmilləşdirilməsi, biz­nesin leqal fəaliyyətinin genişlənmə­si iş adamlarının fəaliyyətini daha da canlandırıb. Bu, eyni zamanda, özəl sektorun əhatə dairəsini genişləndirib. Belə bir fikri konkret rəqəmlə ifadə et­sək, deyə bilərik ki, respublikamızda cari il aprel ayının 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keç­miş fərdi sahibkarların sayı 54 mindən çox artaraq 1 milyon 248 min 929 nəfər təşkil edib. Dövlət Statistika Komitəsi­nin məlumatına əsasən, keçən ilin mü­vafiq dövrü ilə müqayisədə fərdi sahib­karların sayı 4,5 faiz və ya 53 min 748 nəfər artıb. 

Məlumat üçün deyək ki, hesabat dövründə fərdi sahibkarların əsas his­səsi Bakıda (27,2 faiz), Lənkəran–As­tara (10,2 faiz), Qazax–Tovuz (7,7 faiz) və Mərkəzi Aran (6,9 faiz) iqtisadi ra­yonlarında qeydiyyata alınıb.

Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışarkən, Sa­hibkarlığın İnkişafı Fondunun (SİF) fəaliyyətinə də nəzər salmaq istərdik. İqtisadiyyat Nazirliyinin tabeliyində­ki bu fondun 2022-ci ilin yekunlarına əsasən, əməliyyat gəlirləri 14 milyon 375 min manat təşkil edib. Eyni za­manda SİF hesabat dövrünü 15 milyon 509 min manat mənfəətlə başa vurub. 

Yeri gəlmişkən, son illərdə respub­likada özəl sektorun dinamik inkişafı istiqamətdə bir sıra tədbirlər həyata ke­çirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexaniz­minin tətbiqinin davam etdirilməsi, xa­rici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanı­lıb. Eyni zamanda sahibkarlıq sahə­sində yoxlamaların, lisenziyaların sa­yının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilmə­si və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azaldılmasına səbəb olmaqla onların büdcəyə vergi ödənişlərinin həcmini də artırıb. 

Sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti sub­yektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahi­bkarlar qarşısında qanunazidd tələb­lər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması vacib şərtlərdir. Ona görə də daim sahibkar­ların hamisi kimi qətiyyətli qərarlar qə­bul edən dövlətimizin başçısının müva­fiq tapşırığı əsasında həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır, döv­lət strukturları, ayrı-ayrı nazirliklər fəa­liyyətlərində bu məqama mühüm önəm verirlər.

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Sahibkarlığın inkişafı istiqamə­tində görülən işlərdən danışarkən diqqəti, ilk növbədə, dövlət-özəl tərəfdaşlığına yönəltmək istərdim. Qeyd edim ki, bu sahədə infrastruk­tur və xidmətlərin yüksək səviyyədə reallaşdırılması məsələsi mühüm önəm daşıyır. Belə ki, bu zaman özəl bölmənin idarəetmə məsuliy­yətinə xüsusi əhəmiyyət verilməklə, onun fəaliyyəti qarşı tərəfin-dövlətin mülkiyyət və ya nəzarət mexanizm­ləri, həmçinin maliyyəsi əsasında qurulur. Nəticədə isə dövlət əvvəl­cədən müəyyənləşdirdiyi tələblərə uyğun müasir, yüksək səviyyəli inf­rastruktura, əhali isə keyfiyyətli xid­mətə sahib olur.

Ümumiyyətlə, dövlət-özəl tərəf­daşlığı dövlətin özəl sektor resursla­rından və təcrübəsindən yararlana­raq dövlət infrastrukturunun, yaxud xidmətlərinin satınalmasını gerçək­ləşdirmək mexanizmidir. Bu mexa­nizm dövlətin özəl sektorla tərəfdaş­lığı əsasında yeni həllərin təşviqini və maliyyə vəsaitlərinin cəlb olun­masını gerçəkləşdirir. 

Yeri gəlmişkən, bu tərəfdaşlıq münasibətlərinin daha da möh­kəmlənməsi məqsədilə Milli Məclis tərəfindən “Dövlət-özəl tərəfdaşlı­ğı haqqında” 8 fəsil, 40 maddədən ibarət yeni qanun qəbul edilib. “İn­vestisiya fəaliyyəti haqqında” qa­nunda nəzərdə tutulan təşviq təd­birləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadol­malar və kompensasiyalar mövcud sənədlə dövlət-özəl tərəfdaşlığına da şamil olunub. 

Sonda bir məqama da toxun­maq istərdim. Azərbaycanda sahi­bkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verir. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23 faiz, Bakı üzrə isə 77 faizdir. Aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşki­latlarının hesabatlarına əsasən kiçik və orta biznes subyektlərinin maliy­yə mənbələrinə çıxışı sahəsində üz­ləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmama­sıdır. 

Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məh­dudiyyətlərini aşmasına imkan ya­radır, biznes layihələrin maliyyələş­dirilməsi üçün sahibkarların uzun müddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin mini­mallaşdırılmasını təmin edir. Ölkə­mizdə kredit zəmanət mexanizmi­nin formalaşması təqdirəlayiqdir, lakin kiçik və orta biznes sektoruna yönələn təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat