Baş nazir Nikol Paşinyanın aprelin 21-də Ermənistan parlamentindəki çıxışı, əsasən, ölkənin təhlükəsizliyi məsələləri üzərində quruldu. O, müxalifətin təzyiqlərini özündən uzaqlaşdırmaq, bir növ, müqavimət yaratmaq xəttinə sadiq qalaraq, bir sıra məqamlara toxundu. Təbii, Nikol, həmişəki kimi, ölkənin hazırkı ağır durumunun səbəbini keçmişdə axtardı. Yada salaq ki, baş nazir bir müddət öncə də bildirmişdi ki, Ermənistanın o zamankı hakimiyyəti 2007-ci ildə “Madrid prinsipləri”nə imza atmaqla, faktiki olaraq, Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. İndiki çıxışında isə o, zaman baxımından həm 2007-ci ildən əvvələ, həm də ondan bir qədər də irəli ekskurs edib.
Nikolun 1999-cu ilə gedib çıxmasında da, ardınca 2016-cı ilə qayıtmasında da məntiq var. Əlbəttə, Paşinyan ölkənin təhlükəsizliyindən söz açırsa, gərək, 2018-ci ildən sonraya da diqqət yetirə. Amma bu barədə danışmır. Danışmasın, həmin dövrü biz yada salacağıq. Hələlik isə Nikolun üzərində dayandığı məqamlardan söz açaq.
***
Beləliklə, Paşinyan ölkəsindəki təhlükəsizlik böhranına toxunaraq qeyd edib: “Bu, müstəqilliyimiz dövründə yaradılmış təhlükəsizlik arxitekturasının böhranıdır. 27 oktyabr hadisəsini də qeyd etmək olar ki, bu, bizim təhlükəsizlik arxitekturamızda dərin və ciddi böhranın ifadəsi idi”.
Bəli, baş nazir 27 oktyabr 1999-cu ildə Ermənistanda törədilmiş parlament qətliamını nəzərdə tutur. Xatırladaq ki, həmin gün Nairi Hunanyan və onunla əlbir olan bir neçə şəxs (qardaşı Karen Hunanyan, dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan) Ermənistan Milli Assambleyasına daxil olaraq baş nazir Vazgen Sarkisyanı güllələyiblər. Onlar, həmçinin, parlamentin spikeri Karen Dəmirçyanı, sədr müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikayel Kotanyanı qətlə yetiriblər.
Bir məqamı da xatırladaq ki, 2005-ci il aprel ayının sonlarında Rusiyanın sabiq məxfi xidmət agenti Aleksandr Litvinenko Azərbaycan qəzeti olan “Realni Azerbaijan”a müsahibəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsini Dağlıq Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq üçün Ermənistan parlamentində terror aktını təşkil etməkdə suçlamışdı.
Qeyd edək ki, 1997-ci ilin sentyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etmişdilər. Bu təkliflər ilk mərhələdə Dağlıq Qarabağın ətrafındakı rayonların işğaldan azad olunmasını, ATƏT-in sülhyaratma əməliyyatlarının başlamasını, köçkünlərin azad olunmuş ərazilərə qayıtmasını və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın yolu və Şuşa şəhəri, həmçinin Dağlıq Qarabağın statusu məsələləri həll olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi.
1997-ci il oktyabrın 10-da Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, həmsədrlərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpası üçün ümidverici baza olduğunu bildirmişdilər. Lakin 1998-ci ilin fevralında Ermənistan prezidenti Levon Ter-Petrosyanın istefası və 1998-ci ilin martında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli həll” təkliflərinə dair razılığını geri götürdü.
1999-cu il mayın 30-da Ermənistanda parlament seçkiləri keçirildi. Parlamentdəki 130 yerdən 62-sini qazanan “Birlik Bloku” seçkilərdə qalib gəldi. Həmin il iyunun əvvəlindən oktyabrın sonuna qədər Ermənistandakı siyasi sistem hərbi, qanunverici və icra hakimiyyətlərinə nəzarət edən Dəmirçyan-Sarkisyan tandeminə əsaslanırdı.
Baş nazir Sarkisyan və spiker Dəmirçyanın islahata meyilli koalisiyası 1998-ci ildə prezident postuna yiyələnmiş Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırdılar. Bu tandem, faktiki olaraq, Azərbaycanla münasibətlərin normallaşması xəttini əsas götürürdü və mövcud xüsusda çox böyük ümid var idi ki, 1999-cu ilin noyabrında keçiriləcək ATƏT-in İstanbul sammitində Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaqdır.
Lakin 27 oktyabr parlament terroru ölkədəki siyasi tarazlığı pozdu. Adları çəkilən iki şəxsin fiziki cəhətdən məhvi siyasi mənzərədə ciddi dəyişikliklərə səbəb oldu. 1999-2001-ci illərdə Azərbaycan və Ermənistan prezidentləri arasında 20 görüş keçirildi ki, bu görüşlər nəticəsiz qaldı. Beləcə Qarabağ danışıqları dalana dirəndi.
Bəli, məhz buna görə də Paşinyan 27 oktyabr parlament terrorunu xatırladır və agah edir ki, həmin terror aktı baş verməsəydi, Ermənistan hazırkı acınacaqlı vəziyyətə düşməzdi.
***
Qeyd etdiyimiz kimi, N.Paşinyan ölkəsindəki böhranın səbəblərindən bəhs edərkən, 2016-cı ili də xatırlayır. Bu xatırlama heç də əbəs deyil. Əgər 1999-cu ildə baş verənlər Qarabağ mövzusunda siyasi çürüklüyün mənzərəsini ortaya qoymuşdusa, 2016-cı ilin “Aprel müharibəsi” çürüklüyün hərbi tərəflərinin aşkar nümayişinə çevrildi ki, bundan dərs çıxarılmalı idi.
Onu da yada salaq ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı ərazilərə, o cümlədən, məktəblərə, xəstəxanalara və ibadət yerlərinə atəş zərbələri endirdi.
Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər isə ağır yaralandı. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verdi, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonunun işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən status-kvonun saxlanmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu vurğuladı. Bakı heç vaxt işğalla barışmayacağını da növbəti dəfə nümayiş etdirdi.
Bəs burada Nikolun üzərindən keçdiyi hansı məqam var. Axı, o, “Aprel müharibəsi”ndən iki il sonra, yəni 2018-ci ildə hakimiyyətə gəlmişdi. Olmazdımı ki, o, parlament terrorunu və “Aprel müharibəsi”ni əvvəldən yada salaydı? Görünür olmazmış.
***
Bəli, Ermənistandakı hazırkı siyasi böhranın günahkarı həm də N.Paşinyanın özüdür. O, hakimiyyətə gələndə ölkədəki anti-Azərbaycan ab-havasını cilovlamaq imkanına malik idi. O cümlədən, Azərbaycanla sülh bağlamaq şansına da. Yəni, Nikol dərhal sülh üzərinə gəlməli idi. Paşinyan isə əvvəl Azərbaycan tərəfinə bununla bağlı müsbət mesajlar verdi, sonra məlum oldu ki, belə mesajlar yalnız müəyyən vaxt qazanıb hakimiyyətdə möhkəmlənmək məqsədi daşımaqdadır. Bir sözlə, baş nazir siyasi riyakarlıq xətti götürdü.
N.Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması ilə çıxış etdi. Buna qədər Ermənistan hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüquqi və mənəvi məsuliyyətini dərk edərək, işğalçılıq siyasətini pərdələməyə və onu Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək hüququ kimi göstərməyə çalışırdı. N.Paşinyanın bu bəyanatı Ermənistanın əsil məqsədinin qəsbkarlıq olduğunu aydın şəkildə göstərdi. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atdı, beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına cavab verdi: “...bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Paşinyanlı Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmaq, işğalla bağlı mövcud status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaq üçün məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıtdı. 2020-ci ilin iyulunda Ermənistanın baş nazirinin münaqişənin həlli ilə bağlı qəbuledilməz “yeddi şərti” irəli sürməsi işğalçı dövlətin əsl məqsədini açıq-aydın nümayiş etdirdi. Bununla əlaqədar Prezident İlham Əliyev bildirib: “Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Həmin ilin avqustunda İrəvan növbəti hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Avqustun 23-də həmin qrup zərərsizləşdirildi, onun rəhbəri saxlanıldı.
Paşinyanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi, ölkədə Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcək mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması, habelə, Ermənistanın o zamankı müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı, bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri İrəvanın yeni müharibəyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirdi.
2020-ci il sentyabrın 21-də Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda çıxışı zamanı bəyan etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını göstərir: “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan–Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.
2020-ci il sentyabrın 24-də dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı da İrəvanın Bakıya qarşı yeni müharibəyə hazırlaşdığını növbəti dəfə bəyan etdi. Bundan bir gün sonra Azərbaycan Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən də kəşfiyyat məlumatlarına əsasən Ermənistanda Azərbaycana qarşı çox ciddi hərbi hazırlıqların getdiyini, onların hərbi qüvvələrinin təmas xəttində, dövlət sərhədində cəmləşdiyini vurğuladı: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.
Lakin, təəssüf ki, Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Buna Paşinyanın “demokratiya qladiatorluğunu” davam etdirməsinə meydan verilməsi də demək mümkündür. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi. Beləcə 44 günlük müharibə başladı ki, N.Paşinyanın aprelin 21-dəki çıxışı zamanı haqqında bəhs etdiyi siyasi böhran da məhz həmin müharibədəki rüsvayçı və acınacaqlı məğlubiyyətin nəticəsi kimi meydandadır.
***
İndi, gəlin görək, Ermənistan bütün bunlardan dərs çıxarırmı? Belə görünür, ölkədə nisbətən dərs çıxaran bir adam varsa, o da Paşinyandır. Ancaq demək olmaz ki, onun mövqeyi sabitdir. Çünki 44 günlük müharibədən sonra yaşanan proseslər onu göstərir ki, Nikol, loru dildə desək, nala-mıxa vurmaqla məşğuldur. Ancaq onun siyasi manevrləri keçmir.
Artıq Azərbaycan Laçın yolunda sərhəd məntəqəsi qurub. Paşinyan tarixə müraciət edib kimlərisə günahlandırmaqdansa, indiki məqamda sırf öz üzərinə düşəni etməlidir. Özü də vaxt itirmədən. Bu isə Azərbaycanla sülhə razılaşmaq və Ermənistanı, erməni cəmiyyətini mövcud istiqamətdə hazırlamaqdır.
Nəzərə alınmalıdır ki, artıq Laçın yolunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi varsa, onun həndəvərində hər hansı təxribat əməli Azərbaycanın ərazi bütövlüyünə qəsd olaraq qiymətləndiriləcək və zəruri tədbirlər görüləcəkdir.
Onu da nəzərə alaq ki, təxribat nöqtələrinin susdurulması üçün sərhədin əks tərəfinə keçmək də legitimdir. Yəni, Azərbaycanın təhlükəsizliyi baxımından vacibdir. Paşinyan siyasi konspriologiyada var-gəl etməkdənsə, bunu açıq şəkildə başıpozuq erməni cəmiyyətinə bildirməlidir.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”