Vətən sərhəddən başlayır...

post-img

Laçın–Xankəndi yolunda Azərbaycana məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin böyük uğurudur. Bu uğurun həm siyasi, həm hərbi, həm də mənəvi tərəfləri var. Mənəvi tərəfi budur ki, Azərbaycan dövləti özünün sərhəd zolağına nəzarətini tamlaşdırır. Necə deyərlər, Vətən sərhəddən başlayır. 

Hərbi tərəfi ondan ibarətdir ki, Azər­baycan 44 günlük müharibədən sonra bir yerdə dayanmadı, qələbə eyforiyasına qapılmadı, daha da inkişaf etdi, gücləndi və gücləndikcə də öz şərtlərini diktə et­məyi bacardı. Əlbəttə, hərbi baxımdan güclənmək siyasi anlamda da demarş xəttinin götürülməsini şərtləndirməyə bilməzdi. Biz də bu qeydlərimizdə Laçın–Xankəndi yolunda sərhəd məntəqəsinin qurulmasının daha çox siyasi tərəfləri üzərində dayanacağıq. 

Əvvəla, ondan başlayaq ki, Azərbay­can 44 günlük müharibə ilə qələbə qa­zansa da və zəfərin ayrı-ayrı üstünlükləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­natın şərtlərində əksini tapsa da, sənəd mahiyyət etibarilə böyük reallığa aydın­lıq gətirmirdi. Diqqət yetirək, Ermənistan tərəfi Laçın–Xankəndi yolunda sərhəd məntəqəsinin qurulmasını bəyanatın müddəalarına zidd sayır. Əlbəttə, sənəd­də sərhəd məntəqəsinin qurulması əksini tapmayıb. Ancaq, bu, o demək deyil ki, həmin ərazidə sərhəd olmamalı idi. Yəni, üçtərəfli Bəyanatı ehkam kimi qəbul et­mək düzgün deyildi. Sənəd yalnız Azər­baycan–Ermənistan tənzimlənməsinin il­kin şərtlərin yer aldığı çıxış nöqtəsi sayıla bilərdi. O şərtlərin ki, onlara Ermənistan əməl etmədi. Məsələn, Qarabağda hələ də erməni silahlıları qalıb, bölgədə se­paratçılıq saxlanılır. Hələ başqa vurğu­lanmalı məqamlar da var. Başqa sözlə desək, çıxış nöqtəsi daha fundamental əhəmiyyət daşıyan məsələlərin reallaş­masına vəsilə olmadı. 

İrəvan nəinki bəyanata əməl etmədi, yeni reallıqlar formalaşdırmağa çalışdı. İstədi ki, 44 günlük müharibə ilə əldə et­diyimiz zəfərin nəticələri minimuma en­sin. Əlbəttə, Azərbaycan bunu qəbul edə bilməzdi. Məsələyə mövcud kontekstdən yanaşsaq, Laçın–Xankəndi yolunda sər­həd-buraxılış məntəqəsinin qurulması onu göstərdi ki, Bakı öz qanuni ərazilə­rində nəzarətin tam bərpasında israrlıdır və mövcud istiqamətdəki hər hansı siyasi və hərbi manipulyasiyalara meydan ver­məyəcəkdir. 

İkinci məqam. Söhbət Azərbaycanın öz reallığını özünün formalaşdırmasın­dan gedir. Üçtərəfli Bəyanatı əbəs yerə xatırlamadıq. Bakı həmin sənədin Azər­baycanın zəfərinə dair mənəvi pream­bulasından irəli gələn və gerçəkləşməsi məntiqi görünən prosesləri özü həyata keçirir. Vaxtilə BMT-nin Ermənistan si­lahlılarının Azərbaycan torpaqlarından çıxmasını tələb edən dörd qətnaməsi olmuşdur. 30 ilə yaxın müddətdə həmin qətnamələrə əməl olunmamışdır. Nə­hayət, vaxt gəldi və ölkəmiz güc yolu ilə ədaləti bərpa etdi. İndi Laçın–Xankən­di yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması zahirən birbaşa gücün təntənəsi olmasa da, üçtərəfli Bə­yanatın ruhunun ifadəsi kimi, müstəsna əhəmiyyətə malikdir. Bakı sənədin adi kağız parçasına çevrilmək təhlükəsini aradan qaldırdı. Çünki onun ruhu Azər­baycanın Qələbəsini təsdiqləyir. Qələbə isə tam olmalıdır. 

Üçüncü məqam. Qeyd etdik ki, Er­mənistan müharibədən sonra bölgədə yeni reallıqlar yaratmaq üçün çalışırdı və bu gün də çalışmaqdadır. Ölkənin xaricdən də dəstəkçilərinin olduğunu vurğulayaq. Xaricdəki anti-Azərbaycan qüvvələrdən, erməni lobbi və diaspor təşkilatlarından və ermənipərəst da­irələrdən ibarət həmin dəstəkçilər qrupu müxtəlif siyasi detallarla manevr yolu tu­taraq, Azərbaycanın qanuni ərazilərində tam hakimiyyətinin qərarlaşmasına ma­neçilik törətmək cəhdlərinə baş vurdular. Onlar özlərinin kiçik haqlarını Bakının böyük haqqına alternativ kimi irəli sür­məklə, uğur qazanacaqlarına ümid bəs­lədilər. Laçın–Xankəndi yolunda sərhəd məntəqəsinin qurulması həm də belələ­rinin ümidlərini puça çıxardı. 

Dördüncü məqam. 44 günlük mü­haribədən sonra Ermənistanın xarici siyasət industriyasının regional amillər üzərində Azərbaycana təzyiq rıçaqlarını işə saldığını da gördük. Nəticə etibarilə biz Rusiya ilə müəyyən məqamlarda sərinləşmələrin, İranla soyuqlaşmaların şahidi olduq və demək olmaz ki, hazırda bu diskomfort sayılacaq durum aradan qalxıb. Ancaq yekun nəticə yenə Bakı ilədir. Soyuqlaşma və sərinləşmələrə rəğmən ortadakı narahatlıq dolu növ­bəti bəyanatların fonunda hər iki tərəfin Azərbaycana məxsus haqqı tanıdıqları­nı görürük. Onların heç birindən – həm İrandan, həm də Rusiyadan gerçək re­aksiya yoxdur. Laçın–Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin qurulması bu səssizliyi də ortaya çıxardı ki, mövcud mənzərə isə heç şübhəsiz, Azərbaycan diplomatiyasının böyük uğurudur. 

Onu da nəzərə alaq ki, Tehranın və Moskvanın Qarabağ məsələsini, ümumən, Azərbaycan–Ermənistan mü­nasibətlərindəki durumu özlərinin regional xarici siyasətləri prizmasından görmələri amili adi bir iş sayılmamalıdır. Axı 30 ilə yaxın davam edən işğal həm də bu iki qü­vvənin iradəsinin “məhsulu” idi. Ölkəmiz öz iradəsini formalaşdırmağı və tutarlı al­ternativ kimi irəli sürməyi bacardı. 

Beşinci məqam. Bu xüsusda, bila­vasitə, Qarabağdakı separatçılıqdan söz açacağıq. 44 günlük müharibədən sonra biz Ermənistanın hakim siyasi dairələ­rinin, eləcə də müxtəlif xarici qüvvələrin bölgədəki separatçılığı “Qarabağ xalqı”­nın iradəsi qismində ortaya qoymağa, beynəlxalq ictimaiyyətə sırımağa çalışdı­ğının şahidi olduq. Xankəndidə mitinqlə­rin təşkili, Ruben Vardanyan kimi “qəlbi xalqı ilə döyünənlərin” bölgəyə gətirilmə­si və sair bu sayaq gedişləri, pafos və po­pulizm səhnələrini gördük. Bizi öz qanuni ərazilərimizə buraxmadıqlarını da həm­çinin. Laçın–Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi Azərbayca­nı ərazinin tam hakiminə çevirir. Artıq ora kimin buraxılıb, kimin buraxılmayacağına qərarı ölkəmiz verəcəkdir. 

Altıncı məqama keçid alaq. Azər­baycan dəfələrlə Qarabağ ermənilərinin bölgədə yaşamalarının mümkünlüyünü, onların hüquq və azadlıqlarının ölkəmizin qanunvericiliyi ilə qorunacağını bəyan edib. Neçə dəfə də onlarla təmas ya­radılması istiqamətində təklif və təşəb­büslər qaldırıb. Bütün bunlar, şühbəsiz, xoş niyyətin ifadəsi kimi meydana çıxıb. Ancaq qarşılıq heç nə görməmişik. Əl­bəttə, mövcud istiqamətdə tərəfimizdən prinsipial yanaşma da olub. Təxminən belə: kim istəsə, Qarabağda qalsın və yaşasın, istəməyənlər gedə bilər. Ancaq zaman göstərdi ki, Qarabağ erməniləri, daha doğrusu, onların həyatını zəhərə çevirmiş separatçı rejim bunu seçim kimi görmür, çağırışımıza məhəl qoymur. He­sab edirik ki, Laçın–Xankəndi yolunda sərhəd keçid məntəqəsinin qurulması seçimi, necə deyərlər, asanlaşdıracaqdır. Qərar versinlər – qalırlar, ya gedirlər!

Əlbəttə, Laçın–Xankəndi yolun­da Azərbaycana məxsus sərhəd nə­zarət-buraxılış məntəqəsinin yaradılma­sının digər siyasi tərəflərinə də diqqət çəkmək, fikir və mülahizələr yürütmək mümkündür. 

Sonda əvvəldə haqqında söz açdı­ğımız uğurun üzərində dayanaq. Uğur qətiyyətin, prinsipiallığın və möhkəm ira­dənin məhsuludur. Uğur həm də düşü­nülmüş siyasətin nəticəsidir. Yazımızın bu yerində Prezident İlham Əliyevin bir fikrini yada salmaqla fikrimizi tamamla­yaq: “Biz nə vaxt, nəyi edəcəyimizi yaxşı bilirik. Ona görə bu gün də bizim uğurlu əməliyyatımız artıq böyük nəticələrə gə­tirib çıxarıb və nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır və mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri gö­rürəm. Ölkəmizi inamla idarə edirəm”. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət