İndi Formula 1 haqqında eşitməyən adam tapmaq çətindir. Çünki, o, hazırda planetin ən nüfuzlu və populyar idman növlərindən biridir. İnsanları bu yarışlara cəlb edən bir çox amillər də var. Bahalı bolidlərin asfalt üzərində şütümələri, adları və rəsmləri məşhur jurnal və qəzetlərin birinci səhifələrindən düşməyən pilotların mübarizəsi, tribunaların sadiq azarkeşlərlə dolması Formula 1 yarışlarına marağı durmadan artırır. Bütün bunları hər il təkcə televiziyada deyil, həm də canlı izləmək də olar. Bu idman növünün ən sadiq pərəstişkarları yarışları öz gözləri ilə görmək və sevimli komandalarını dəstəkləmək üçün minlərlə kilometr məsafə qət edirlər. Havanı titrədən mühərrikin gurultusu, trekin qəribə döngələri boyunca uçan bolidlərin çılğın sürəti və minlərlə azarkeş kütləsinin həvəsləndirici qışqırıqları “kral yarışları”nı əvəzsiz edir.
Formula 1-in yaranması üçün ilkin şərtlər hələ 1920-30-cu illərdə meydana çıxmışdı. Məhz o zaman müxtəlif avtomobil yarışlarında iştirak edən komandalar ilk dünya çempionatının reqlamentini qəbul etmişdilər. Çempionatın 1941-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu, lakin İkinci dünya müharibəsinin başlanması səbəbindən yarış təxirə salınmışdı. Yalnız 1947-ci ildə Beynəlxalq Avtomobil Federasiyası (FIA) yekun reqlamenti qəbul etmişdi.
Keçən əsrin ortalarının yarış avtomobilləri müasir avtomobillərə çox az bənzəyirdi. Yeniliklər tədricən ortaya çıxmağa başladı. Məsələn, 1959-cu ildə “Cooper” komandasının mühəndisləri mühərriki arxada yerləşən avtomobili ictimaiyyətə təqdim etdilər. Yeni avtomobil yaxşı idarə olunurdu və yarışlarda yüksək nəticələr göstərirdi. Tezliklə bütün yarış avtomobilləri də arxa mühərrikə keçdi. Sonra mühəndislər aviasiyadan ilham almağa başladılar və 1960-cı illərin əvvəllərində “Lotus” komandası ilk dəfə yeni avtomobil-bolidi nümayiş etdirdi.
1958-ci ildə Formula 1-də ikinci titul meydana çıxdı: onlar təkcə pilotu deyil, həm də ən sürətli avtomobili yaradan komandanı mükafatlandırmağa başladılar. Sonradan fəxri mükafat Konstruktorlar Kuboku kimi tanındı. O andan etibarən əsil sürət yarışı başlandı. İlk “Qran Pri” 1950-ci ildə Böyük Britaniyada Silverstoun trekində keçirilmişdi və yarışı “Alfa Romeo” pilotu italiyalı Cüzeppe Farina qazanmışdı. C.Farina komanda yoldaşı Xuan Manuel Fanqionu qabaqlayaraq qalib gəlmişdi. Yeri gəlmişkən, X.Fanqio sonradan beş dəfə dünya çempionu adını qazanmağa müvəffəq olmuşdu. Maraqlıdır ki, 1958-1969-cu illərdə yalnız ingilisdilli pilotlar dünya çempionu olmuşdular: britaniyalılar, avstraliyalılar, yeni zelandiyalılar və amerikalılar.
Ümumiyyətlə, Formula 1-in qızıl dövrü 1980-ci illərin əvvəllərinə təsadüf edir. Məhz o dövrdə “Ferrari”, “McLaren”, “Lotus and Uilyams” komandaları, A.Senna, A.Prost, H.Berqer kimi məşhur pilotlar yarışlara marağı artırmışdılar.
Formula 1-in tarixində cəmi beş qadın pilotun olduğu məlumdur. Kişilərlə mübarizəyə qoşulan zərif cinsin nümayəndələrinin heç biri əhəmiyyətli nəticələr əldə edə bilməyiblər.
Tarix boyu Formula 1 yarışlarında 34 nəfər dünya çempionu olub. Qələbələrin sayına görə rekordçular alman Mixael Şumaxer və britaniyalı Lyuis Hamiltondur. Onların hər birinin yeddi titulu var. Eyni zamanda L.Hamilton podiumların sayına görə rekordçudur. Ölümündən sonra yeganə qalib kimi tarixə düşən pilot avstriyalı Yoxen Rindt olub. 1970-ci ildə o, İtaliya Qran Prisi zamanı qəzaya uğramışdı.
Formula 1 tarixində əfsanəvi pilotlardan biri də üç dəfə (1988, 1990 və 1991) dünya çempionu olmuş braziliyalı Ayrton Sennadır. “Kral yarışında” mübarizə apardığı cəmi on il ərzində o, 41 yarışda qalib gəlmişdi. Ümumiyyətlə, Ayrton Senna kifayət qədər riskli idarəetmə tərzinə malik idi və istənilən havada avtomobili məharətlə idarə edirdi və buna görə “Yağış adamı” ləqəbini almışdı. Eyni zamanda argentinalı pilot trasda təhlükəsizlik standartlarını fəal şəkildə təbliğ edirdi. Amma onun ölümündən sonra yüz minlərlə insan dəhşətli qəzanı canlı gördükdə Formula 1-in təhlükəsizlik standartları həmişəlik dəyişdi. Belə ki, pilotun kabinetində əlavə təhlükəsizlik tədbirləri görüldü. Təkərlər üçün təhlükəsizlik kabelləri bütün bolidlərə quraşdırıldı, karbon lifli gövdələr möhkəmləndi, relslərdə metal bamperlərin əvəzinə təkər maneələri qoyuldu. Xatırladaq ki, A.Senna 1994-cü ildə San-Marino Qran Prisində qəza nəticəsində həlak olmuşdu.
Yarışlarda komandalar iştirak edirlər, onlara konstruktorlar da deyirlər. Komandanın vəzifələrinə avtomobilin yaradılması və onu yarışa hazırlamaq xidməti daxildir. Yarışlarda qalib gəlmək üçün bütün öhdəliyin yalnız yarışçıya aid olduğunu düşünmək səhvdir. Avtomobili dizayn etmək və qurmaq, hər yarışa mühəndisləri və avadanlıqları çatdırmaq, çox sayda davranış məlumatlarını təhlil etmək, texniki xidmət göstərmək komandanın məsuliyyətidir. Yarışlarda hər komandadan iki avtomobil iştirak edir. Pilotların bu dəzgahlarda qazandıqları xalların məbləği komandanın xəzinəsinə daxil olur, onların sayına uyğun olaraq komanda yarışında qalib olan Konstruktorlar Kuboku müəyyən edilir.
Bu gün Formula 1-i “avtomobil idmanlarının kralı” adlandırırlar. Çünki “kral yarışları” dünyanın ən prestijli, möhtəşəm və bahalı yarış seriyalarından biridir. Pilotların maaşları və komandaların büdcəsi ildə milyonlarla dollar qiymətləndirilir. Digər kateqoriyalarda yarışan bir çox pilot Formula 1 yarışlarına qatılmağı xəyal edir. Bəziləri üçün isə bu, ömürlük hədəfə çevrilir.
Formula 1 yarışları 2016-cı ildən Azərbaycanda keçirilir. Yarışın ilk Bakı mərhələsi Avropa Qran Prisi adlanırdı və onun ulduz səfiri ikiqat dünya çempionu Fernando Alonso olmuşdu. 2017-ci ildən Bakı yarışı Azərbaycan Qran Prisi adlanır. Həmin il Bakıda keçirilən yarış mövsümün ən maraqlı yarışı kimi yadda qalmışdı.
Azərbaycan Qran Prisinin trekin uzunluğu 6,003 kilometrdir. Trasın layihəsi almaniyalı mütəxəssis Hermann Tilke tərəfindən hazırlanıb. Mütəxəssislərin fikrincə, Bakı yarışı ən sürətli şəhər yarışlarından biri hesab olunur. 2017-ci il Azərbaycan Qran-Prisi azarkeş tərəfindən ilin ən yaxşı yarışı adına layiq görülüb. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Tarixiliyin və müasirliyin vəhdətini uğurlu şəkildə bir araya gətirən Bakı Şəhər Halqası saatın əksi istiqamətində hərəkət edir. Trek ətrafında 3 min 600-ə yaxın blok quraşdırılıb və bu beton bloklar azarkeşlərin, marşalların təhlükəsizliyini təmin edir.
Azərbaycan Qran Prisində 52 dövrə var və indiyədək heç bir F-1 pilotu Bakıda iki dəfə qalib gəlməyib. Bunu, hətta, “Bakı sindromu” da adlandırırlar.
Hazırladı: S.ELAY, “Xalq qəzeti”