Almaniya Azərbaycanın Avropada mühüm əhəmiyyət daşıyan siyasi-iqtisadi tərəfdaşlarından biridir. Respublikamız bu ölkə ilə əlaqələrin inkişafına daim mühüm önəm verir. Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri də iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, respublikamızın regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Dövlətimizin başçısının Almaniyaya işgüzar səfəri Azərbaycan–Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfərin bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına önəmli təkan verəcəyi, gələcək inkişaf üçün böyük perspektivlər açacağı da şüb-həsizdir.
Azərbaycan müstəqil ölkə olaraq son iyirmi il ərzində bir sıra sahələrdə əldə etdiyi yüksək göstəricilər, o cümlədən enerji sektorunun davamlı inkişafı sayəsində sürətli iqtisadi artıma nail olub. Hazırda isə iqtisadiyyatın daha çox şaxələndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Qısa zaman ərzində həmin məqsədlə bağlı müsbət nəticələr əldə olunub. ÜDM-in tərkibinin əksər hissəsi qeyri-enerji sektorunun payı hesabına formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bu istiqamətdə əldə edilən uğurlardan danışarkən deyib: “Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub...”.
Adıçəkilən görüşdə qeyd edilən məsələ–xarici borcun azaldılması hələ bir neçə il bundan əvvəl dövlət başçısı tərəfindən hökumətin qarşısında önəmli vəzifə kimi qoyulmuşdu. Bununla bağlı müvafiq strukturlara konkret tapşırıqlar verilmişdi və qısa müddətdə həmin iş uğurla yerinə yetirilmişdi. Ona görə də ölkəmizin borclanma strategiyasına yenidən başlanılması qərara alınmışdı.
Hazırda Azərbaycan hökuməti həmin məqsədlə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə digər beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlayıb. Danışıqlar əvvəlki kimi infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və digər layihələrin maliyyələşməsinə deyil, bu yaxınlarda qəbul edilən 2030-cu il strategiyasında nəzərdə tutulan strateji hədəflərin gerçəkləşdirilməsinə yönəldilib. Bu məqsədlə beynəlxalq maliyyə qurumlarından ümumilikdə 40-50 milyard ABŞ dolları məbləğində borc almaq nəzərdə tutulub. Başqa sözlə, Azərbaycanın əsasən, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağı davam etdirəcəyi, gələcək iqtisadi layihələri isə daxili ehtiyatlar hesabına reallaşdırmağı qərara alınıb.
Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirilən müzakirələrdə ölkəmizin enerji strategiyası barədə də ətraflı məlumat verib. Dövlətimizin başçısı bu zaman, ilk növbədə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunaraq respublikamızın dost dövlətlərin neft, neft-kimya məhsulları ilə təchizatını diqqətdə saxladığını bildirib, həmçinin bəzi ölkələrə elektrik enerjisi və təbii qazın ötürülməsinə də artıq başladığını qeyd edib.
Yeri gəlmişkən, hazırda Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar Azərbaycanda kəmər imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu fikri konkretləşdirib deyə bilərik ki, ölkəmiz tərəfindən 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kub-metr tutuma malik TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır. Bu isə Avropada Azərbaycanın “mavi yanacağ”a olan tələbatının yüksəlməsi, Rusiya–Ukrayna müharibəsi başlayandan sonra respublikamızda mövcud qaz təchizatının artırılması məqsədi daşıyan 10-dan çox müraciət ünvanlanması ilə əlaqələndirilir. Bir sözlə, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də isə istismara verilən kəmərin genişləndirilməsinə prioritet istiqamətlərdən biri olaraq yanaşılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun bariz ifadəsi kimi dəyərləndirilir.
Belə bir məqamda onu da deyək ki, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal etmək gücündədir və bu cür şəraitdə artan neft həcmləri, o cümlədən Mərkəzi Asiya, həmçinin Çindən gözlənilən quru yük daşımaları üçün kifayət etmir. Çin, Qırğızıstan və Özbəkistan ərazisindən Xəzər dənizinə qədər dəmir yolunun tikintisi layihəsi də yekunlaşandan sonra vəziyyət bir qədər də ağırlaşacaq. Başqa sözlə, Azərbaycan ərazisindən potensial daşıma həcmləri ciddi artacaq.
Ona görə də hazırda bu şərait ölkəmizi ciddi düşündürür və Azərbaycan mövcud sahəyə investisiya yatırmaqla perspektivdə yükdaşımalarda üzləşilə biləcək problemin aradan qaldırılmasını diqqətdə saxlayır.
Emin BAĞIROV,
Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru
– Prezident İlham Əliyevin müzakirələrdə toxunduğu məsələlər əsasən yeni çağırışlarla bağlıdır. Bunlardan biri, məsələn, tranzit yükdaşıma potensialının daha da artırılmasıdır. Bax, bu səbəbdən də indi Mərkəzi Asiyadan Azərbaycana doğru uzanan marşrutla artan yükdaşıma tələbinin ödənilməsi qarşıda mühüm vəzifə kimi durur. Bunun üçün çox iş görülməlidir.
Yeri gəlmişkən, diqqəti mühüm bir məqama yönəltmək istərdim. Belə ki, hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Gələn il bu investisiya layihəsinin tamamlanacağı planlaşdırılır. Həmin vaxtdan sonra yükdaşımanın bir milyon tondan beş milyon tonadək artacağı gözlənilir.
Onu da xatırladım ki, Azərbaycanın bu layihəyə əlavə investisiyasının 120 milyon ABŞ dollarından çox olacağı proqnozlaşdırılır.
Bu məsələdə digər bir məqam isə odur ki, tranzit üzərində yerləşən dar keçidlərin də genişləndirilməsi prioritet istiqamətdir. Məsələn, Bakı Dəniz Ticarət Limanının 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsi layihəsi bunun bariz ifadəsidir. Yeri gəlmişkən, hazırda texniki əsaslandırma tamamlanma mərhələsindədir.
Yükdaşımalarda həll ediləcəyinə zərurət duyulan problemlərdən biri də gömrük idarəçiliyinin inteqrasiyasıdır. Bu baxımdan Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi gündəlikdə duran mühüm məsələlərdən biridir. Burada tariflərə yekdil yanaşmanın olması da diqqətdə saxlanılır. Bu, o deməkdir ki, yükdaşımada tranzit keçən ölkələrdə tarif eyni həcmdə olmalıdır. Eyni zamanda, bu məsələdə şəffaflıq, mükəmməl idarəetmə və idarəçilik də yükdaşımanın səmərəliliyini şərtləndirən önəmli amillərdir.
Belə bir məqamda digər bir nəqliyyat infrastrukturuna – Şimal-Cənub dəhlizinə xüsusi diqqət yetirilməsi onun Azərbaycanın ərazisindən keçməsi ilə əlaqədardır. Belə ki, Azərbaycan yükləri təkcə Şərqdən Qərbə deyil, həm də Şimaldan Qərbə, həmçinin Cənubdan Qərbə ixrac və ya tranzit edir. Bu şəraitdə isə respublikamızın dəmir yolu infrastrukturuna, dəniz limanına və magistral yola təzyiq artır. Deməli, sadalanan infrstrukturların artan yüklərin həcminə uyğunlaşdırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi zəruridir.
Xatırladım ki, Azərbaycanın şaxələndirilmiş dəmir yolu sistemi var. Lakin bu infrastrukturda da müəyyən həyata keçirilməli tədbirlərə zərurət duyulur. Məsələn, qatarlarımızın sürətini artırmaq üçün dəmir yolları təkmilləşdirilir. Bu, tranzit müddətini daha da qısaltmaq məqsədi daşıyır.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”