Milli Məclisin sədri Sahibə Qafarova dünən ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin sədri Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, ümumi dəyərlərdən danışıb və bu münasibətlərin bu gün də uğurla davam etdirildiyni diqqətə çatdırıb. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri, bu sahədə parlamentlərarası münasibətlərin özünəməxsus rolu var.
S.Qafarova Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud ikitərəfli əlaqələr haqqında məlumat verib. O, ötən ilin dekabr ayında Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun ölkəmizə səfərini və onunla keçirdiyi görüşü xatırladıb, həmin səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərov Dağıstan və Azərbaycan xalqlarının yaxınlığından, bölüşdükləri ümumi dəyərlərdən danışıb. O, Dağıstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanda isə Dağıstanın böyük şairi Rəsul Həmzətovun 100 illik yubileylərinin keçirilməsinə hazırlıq getdiyini və bunun iki xalq arasındakı bağlılığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf etdiyni diqqətə çatdırıb və Dağıstanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsinə böyük önəm verdiyini deyib.
Parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı roldan danışan qonaq qanunvericilik sahəsində təcrübə mübadiləsinin daha yaxşı qanunlar yaratmağa kömək edəcəyinə inamını ifadə edib. Z.Askendərov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.