Böyük Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian Mining PLC” (AAM) şirkəti ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında 55 milyon manat (32,3 milyon dollar) dəyərində kredit müqaviləsi imzalanıb.
Mədən şirkətinin bununla bağlı yaydığı açıqlamasına əsasən, yeddi illik yenilənən kredit xətti “Anglo Asian”ın “Azerbaijan International Mining Company”nin (AIMC) tam mülkiyyətində olan törəmə şirkəti vasitəsilə bağlanıb. “Bu, əlavə maliyyələşdirmə və şirkətin genişlənmə planları üçün əməliyyat çevikliyini təmin edəcək. Hazırda kredit xətti üzrə vəsaitlər istifadə olunmayıb”,–deyə məlumatda bildirilir.
“Anglo Asian” şirkətinin baş direktoru Reza Vaziri ABB ilə yenilənən kredit xəttinin imzalanmasından məmnunluğunu vurğulayaraq bildirib ki, bu, əməliyyatların genişləndirilməsi üzrə ortamüddətli planlarının reallaşdırılmasına hazırlıqda daha bir mərhələ təşkil edir. “Kredit xətti təminatsız əsasda bağlanıb ki, bu da Azərbaycanın yerli maliyyə institutlarının biznesimizə etimadından xəbər verir. Tədqiqat və işlənmə mərhələsində olan aktivlər portfelimizdə mühüm potensial müşahidə edirik və bu əlavə kapital dəstəyi sayəsində şirkətin daha da inkişaf edəcəyinə ümid edirik”,–deyə R.Vaziri əlavə edib.
Qeyd edək ki, Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü müqaviləsi çərçivəsində Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 faiz, “Anglo-Asian Mining Plc.” şirkətinin payı isə 49 faiz təşkil edir. Şirkət ölkəmizdə ilk qızıl hasilatına 2009-cu ildə “Gədəbəy” yatağında başlayıb. Hazırda əsas fəaliyyətini Gədəbəy rayonunda davam etdirən Britaniya şirkəti “Zəfər” yatağının istismara verilməsini planlaşdırır. Yaxın illərdə isə şirkət Azərbaycanda “Qaradağ”, “Xarxar” və “Dəmirli” kimi müqavilə zonalarını istismara verməyi nəzərdə tutur. Bundan əlavə, “Anglo Asian Mining” şirkəti hazırda işğaldan azad edilmiş Zəngilan rayonunda “Vejnəli” qızıl yatağının kəşfiyyatına başlayıb.
“Anglo Asian Mining” tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr, əsasən, İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.
“Xalq qəzeti”

