Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada cənuba səfəri çərçivəsində Lənkəranın Bürcəli kəndindəki sitrus meyvə bağlarını gəzərkən şirin meyvələrdən dadıb və fermerlərin işlərinə heyranlığını gizlətməyib.
Cənub bölgəsinin aqrar sektorunda sitrus meyvəçiliyinin özünəməxsus yeri var. Bu sahənin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Proqramın əsas hədəfi əhalinin sitrus meyvələrinə tələbatının daha dolğun ödənilməsi, bu məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaratmaqdır. Dövlət Proqramının icrası nəticəsində yeddi il ərzində sitrus meyvələrinin istehsal həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.
Subtropik zonanın camaatı sitrusçuluğu iqtisadi baxımdan səmərəli sayır, bundan yaxşı qazanc əldə edə bilir. Astara və Lənkəranda müvafiq qrupa aid olan naringi, feyxoa, portağal və limonu bölgəni dünyada tanıdıb. Yeni əsrin əvvəllərində burada sitrus bağları genişləndirilir. “Gilan Aqro”, “Fruit Garden” kimi şirkətlərin səyi ilə Sütəmurdov və Separadi kəndlərinin ərazilərində becərilən məhsulların çeşidi də artıb. Bundan başqa, Lənkəranın Hirkan, Osaküçə, Havzava, Bürcəli və Xanbulan kəndlərində sitrus meyvəçiliyi aparıcı sahəyə çevrilib. Fermer İlham Əkbərov Hirkanda 3 hektarda, Ceyhun Səfərov Şıxəkəranda 1,2 hektarda yaratdıqları yeni sitrus bağlarından yaxşı gəlir götürdüklərini qeyd edirlər.
Bu gün Lənkəranda 1421,6 hektar sitrus meyvə bağları var ki, onun da 267 hektarı limon, 522 hektarı narıngi, 119 hektarı portağal, 513 hektarı feyxoadır. İş adamları qazanılan uğurlarla kifayətlənmir, sitrus bağlarını 2000 hektara qədər genişləndirməyi planlaşdırırlar.
Astarada 715 hektarda yeni sitrus meyvə ağacları əkilib, bu bağların ümumi sahəsi 4000 hektardan çoxdur. Təkcə feyxoa sahələri 870 hektardır. Sitrusçuluğun genişləndirilməsində 3400 nəfərdən çox işçi qüvvəsi çalışır. Kijəbə, Tüləgüvan və digər kəndlərdə uyğun ixtisaslaşma sürətlənib. Bağlarında bol məhsul yetişən fermerlərdən biri Rafiq Ağayevdir. Təkcə onların kəndində 250 nəfər sitrusçuluqla məşğuldur.
Bölgədə intensiv sitrus və subtropik meyvə bağçılığına üstünlük verilməklə daha yaxşı nəticələrə nail olmaq əzmi güclüdür. İndi burada yeni və məhsuldar sitrus meyvələri - qreyfrut, “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang), nadir subtropik bitki - kinkan da yetişdirilir. Kinkan sağlamlıq üçün xeyli faydalı, həm də rentabellidir: ağacında bar ildə üç dəfə çiçəkləyir. Onu ilboyu dərib yemək olur.
Bütün bunlar həm daxili tələbatı tam ödəyəcək, həm də süfrələrin bəzəyi olan məhsulların xaricə satışına kömək edəcək.
Ə.ƏLİYEV, “Xalq qəzeti”


