“Azərbaycan Respublikasının Energetika Nazirliyində insan resurslarının idarə edilməsi və inkişafına dair 2023-cü il üçün İş Planı” çərçivəsində Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi mövzusunda təlim keçirilib.
Təlimdə dövlət qulluqçularının bilik və bacarıqlarının təkmilləşdirilməsində müvafiq qanunvericilik bazasının öyrənilməsinin əhəmiyyəti qeyd edilib, belə təlimlərin mütəmadi təşkil edilməsinin vacibliyi vurğulanıb.
Sonra Nazirliyin Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektorunun müdiri Aygün Əliyeva təqdimatla çıxış edərək dövlət idarəçiliyində iştirak hüququ, dövlət qulluğu, dövlət qulluğunun əsas vəzifələri və prinsipləri barədə danışıb. Dövlət qulluqçusu anlayışı, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluğuna qəbul qaydaları, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri haqqında geniş məlumat verib. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər, həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya məhdudiyyətlərə əməl olunmaması zamanı dövlət qulluqçusunun məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi halları ilə bağlı iştirakçılar məlumatlandırılıb.