Orta dəhlizdə gömrük prosedurları sadələşdiriləcək

post-img

Yaxın vaxtlarda Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərindən tranzit axını üzrə gömrük prosedurlarının sadələşdirilməsi gözlənilir. Bu fikri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov dünən keçirilən “Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfransda səsləndirib. O, qeyd edib ki, son illərdə ölkəmizin tranzit cəlbediciliyi və potensialının artması fonunda Dövlət Gömrük Komitəsi də tranzit prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm işlər görür. 

İ.Hüseynov bildirib ki, gələn ay ölkəmizdə Orta Dəhliz üzərindən tran­zit prosedurlarının sadələşdirilməsi ilə bağlı dəhliz boyu yerləşən ölkələrin gömrük xidməti rəhbərlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan konfransda həmin ölkələrin gömrük xidmətləri ilə birlikdə atılacaq addımlar geniş mü­zakirə olunacaq. Bundan da məqsəd dəhlizin keçdiyi ölkələrdə gömrük prosedurlarını bütün zəncir boyu işti­rakçıların gömrük xidmətlərinin vahid yanaşma, konsepsiyada, vahid bir sənəd üzərindən interaktiv bir portal üzərindən dəhliz boyu tranzit axınının davamlılığının sadələşdirilmiş gömrük prosedurları çərçivəsində təmin edil­məsidir. DGK-nin sədrinin birinci müa­vini onu da diqqətə çatdırıb ki, tranzit prosedurları zamanı ölkəmizdə qanun­vericilikdə gömrük yığımları mövcud deyil. “Burada məqsəd dəhliz boyu ölkələrin birgə marağını ortaya qoya­raq vahid bir platformada vahid sənəd üzərindən bu dəhlizin cəlbediciliyinin, bu dəhliz boyu tranzit potensialının art­masına nail olmaqdır”,–deyə İ. Hüsey­nov əlavə edib. 

Qeyd edək ki, Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturları­nın iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda Çin–Qazaxıstan sərhədindən başlayan marşrut Qa­zaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avro­paya qədər uzanır.

 

“Xalq qəzeti”

İqtisadiyyat