Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

post-img

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlığın genişləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq sənədi hazırda Bakıda keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (“Caspian Agro”) imzalanıb.

Əldə olunan razılaşmaya əsasən, peyk təsvirləri və kosmik həllərdən istifadə etməklə ölkənin aktiv kənd təsərrüfatı ərazilərində əkin növlərinin xəritəsi, o cümlədən pivot suvarma sistemlərinin coğrafi məlumat bazasının yenilənməsi üzrə rəqəmsal xəritə hazırlanacaq. Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində peyk təsvirləri əsasında iqlimin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi işlərinin aparılmasıdır.

Məlumdur ki, kənd təsərrüfatı hava və iqlimə çox həssas olan sahədir. İqlim dəyişiklikləri (temperatur, yağıntı və şaxta vaxtı kimi) bitkilərin vegetasiya dövrünü uzadır və ya bəzi bölgələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının əkinçilik imkanlarını çətinləşdirir, aqroekosistemə mənfi təsir göstərir. Hazırda qlobal miqyasda kənd təsərrüfatı əməliyyatlarının təxminən 30-40%-də məhsuldarlığı və əkin sahələrinin davamlılığını artırmaq üçün peyk məlumatlarından istifadə olunur. Bu peyklər vasitəsilə məhsulun sağlamlığının monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, su ehtiyatlarının idarə edilməsi və zərərvericilərin aşkarlanması daxil olmaqla, dəqiq əkinçilik üçün mühüm məlumatlar əldə edilir.

Ölkənin iqlim dəyişmələri üzrə mötəbər tədbir – COP29-a ev sahibliyi etdiyi ərəfədə qurumlararası razılaşmanın nəticəsi olaraq əldə ediləcək təhlil məlumatları xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, ətraf mühitin qorunması, ekoloji və iqlim dəyişikliyinin davamlı monitorinqini həyata keçirən Azərkosmos bir müddət əvvəl qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair rəqəmsal iqlim platformasını https://climatereport.az/ təqdim edib.

İKT