Paşinyan Azərbaycanla protokol imzalanmasını yüksək qiymətləndirib

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında sərhədin bir hissəsinin delimitasiyasına dair protokolun imzalanmasını böyük uğur adlandırıb. Bu barədə Rusiya mətbuatı xəbər verir.

“Protokolun Ermənistan və Azərbaycan komissiyaları tərəfindən imzalanmasını böyük uğur hesab edirəm. İlk dəfədir ki, delimitasiya olunmuş sərhədimiz var. Bu, suverenliyimizin təməl daşıdır, təhlükəsizlik səviyyəsi artacaq”, - Paşinyan hökumətin iclasında deyib.

Hökumət başçısı delimitasiyanın SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə uyğun aparılmasının vacibliyini qeyd edib: "Bu, eskalasiya və hərbi münaqişələrin ehtimalını əhəmiyyətli dərəcədə azaldır".

Azərbaycan və Ermənistan 1976-cı ildən Sovet İttifaqı Baş Qərargahının topoqrafik xəritəsinə uyğun olaraq Qazax rayonu istiqamətində dövlət sərhədi xəttinin müəyyən edilməsi haqqında protokol imzalayıblar.

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin sərhədində demarkasiya komissiyalarının 9-cu iclası keçirilib. Azərbaycan tərəfinin görüşlə bağlı verdiyi yazılı açıqlamada qeyd olunur ki, tərəflər Qazax rayonunda sərhəd xəttinin koordinatlarının müəyyən edilməsi məsələsini müzakirə ediblər.

Tərəflər 1976-cı ildən Sovet İttifaqı Baş Qərargahının topoqrafik xəritəsinə uyğun olaraq, Azərbaycana məxsus 4 kənd və erməni kəndlərinin sərhəd xəttinin koordinatlarını müəyyən etmək barədə razılığa gəliblər. Məlumata görə, tərəflər razılaşdırılmış məsələlərə dair protokol imzalayıblar.

Komissiyaların əvvəlki iclasında Ermənistan 1-ci Qarabağ müharibəsi zamanı işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verib. İki ölkənin ekspert qrupları sərhəddə geodeziya ölçmələrinə başlayıb və Azərbaycan və Ermənistan sərhədində ilk dəfə olaraq sərhəd sütunu quraşdırılıb.

P.ƏMİRCANOV
XQ

Dünya