74-cü Beynəlxalq Astronavtika Konqresi Bakıda
Bu gün Heydər Əliyev Mərkəzində “Space 2030: Qlobal Kosmik İqtisadiyyatında Siyasət və Strategiyalar” mövzusunda panel iclaslar keçirildi.
Azərbaycan Respublikası Azərkosmos Kosmik Agentliyi İdarə Heyətinin sədri Saməddin Əsədov panel iclaslarda iştirakçı qismində iştirak etdiyi üçün tədbir təşkilatçılarına təşəkkür etdi. Tədbir iştirakçılarına kosmik məlumatlarla zəngin həftə keçirtməyi arzuladı. 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən digər ölkələrin kosmik şirkətləri ilə bundan sonra da daha səmərəli əməkdaşlıq edə biləcəklərini vurğuladı. ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA)-nın administrator müavini Pam Melroy, Rusiya Federasiyası ROSKOSMOS-un baş direktoru Yuri Borisov, Səudiyyə Kosmik Agentliyinin (SSA) Aerokosmik Məsləhətçisi və Baş Direktorunun Xüsusi Məsləhətçisi Mishaal Ashemimry və digər kosmik şirkətlərin nümayəndələri “Space 2030: Qlobal Kosmik İqtisadiyyatında Siyasət və Strategiyalar” mövzusunda müzakirələr apardılar.
Sonra tədbir “Gələcəyə sıfır dağıntılarla” mövzusunda panel iclaslarla davam etdirildi. Burada kosmik mühitin davamlı deqradasiyası ilə bağlı ümumi narahatlıq doğuran məsələlər, kosmos tullantılarının azaldılması və bərpası üzrə daha ciddi tələblər mövzusunda danışıqlar müzakirə olundu. Panelin məqsədi 2030-cu ilə qədər kosmik mövzular üzrə müəyyən edilmiş hədəflər istiqamətində cəmiyyətin fəal rolunu nümayiş etdirməkdir.
Qeyd edək ki, Avropa Kosmik Agentliyinin (ESA) bu yaxınlarda elan edilmiş “sıfır dağıntı” adlı nizamnaməsi bu sahədə birgə ambisiyaları irəli sürmək üçün bir vasitə kimi təqdim ediləcək və müzakirə ediləcək.
Panel müzakirələrin nəticəsi onu göstərdi ki, kosmik məsələlərlə bağlı yaranan siyasi məsələlər bir daha müzakirə olunmalı və kosmos ekosistemində problemlərin effektiv həlli və dəyişikliklərin həlli üçün hökumətlər, sənaye və özəl sektorlar kosmik cəmiyyətlər arasında dialoqu dəstəkləməlidir.
Milli Kosmik Siyasət ölkələrin kosmik sənayesi və 2030-cu ilə qədər olan illər üçün fəaliyyətləri, o cümlədən kosmosla bağlı hökumətin görəcəyi işlər, kommersiya fəaliyyəti, dövlət və özəl sektorlar, akademik institutlar və tədqiqat və inkişaf mərkəzləri tərəfindən həyata keçirilən elmi fəaliyyətlər üçün ümumi çərçivəni müəyyən edir. Kosmik şirkətlər kosmik iqtisadiyyatda əhəmiyyətli imkanlar təqdim edir, elm və texnologiya ilə bağlı mövzuların həyata keçirilməsində elmə əvəzsiz töhfə verir.
Bu gün milli və regional kosmik agentliklər kosmos haqqında bilikləri genişləndirmək və bütün dünyada insanların həyatını yaxşılaşdırmaq üçün kosmik elm və texnologiyanı tətbiq etmək üçün çalışırlar.
74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən sərgi pavilyonunda dünyanın əksər ölkələrində fəaliyyət göstərən kosmik şirkətlərin kosmosla bağlı nümunələri sərgilənirdi. Konqresdə ölkəmizdə astrofizika ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan yeganə kafedranın fəaliyyət göstərdiyi və ali təhsil müəssisəsi kimi 2023-cü ildən Beynəlxalq Astronavtika Federasiyasının yeganə üzvü olan Bakı Dövlət Universiteti (BDU) də iştirak edir. Burada BDU-nun da stendi nümayiş olunur.
Stenddə BDU-nun son illər təhsil, elm, texnologiya sahələrində əldə etdiyi nailiyyətləri özündə əks etdirən xidmət və layihələr sərgilənir.
Sərgi günlərində işgüzar görüşlərin keçirilməsi, səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması da planlaşdırılır. Qeyd edək ki, BDU Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun İnstitusional üzvüdür və Beynəlxalq Astronavtika Akademiyasında təmsil olunur.
Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən tədbirə, həmçinin kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb. Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.
Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.
Fidan SALMANLI
Elşən AĞALAROV(foto)
XQ