İdarələrarası kağızsız sənəd dövriyyəsi sistemi genişləndirilir

post-img

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr 314 nömrəli Fərmanına uyğun olaraq dövlət qurumlarının istifadəsində olan müxtəlif növ elektron sənəd dövriyyəsi sistemlərinin Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il 692 nömrəli Fərmanına əsasən yaradılmış İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə inteqrasiyasıya olunmaqla elektron sənəd mübadiləsinə start verildi. Bununla bağlı bu gün mətbuat üçün brifinq keçirildi. 

XRİTDX-nin idarə rəisi Tural Məmmədov bildirdi ki, xidmət elektron sənəd dövriyyəsi sistemləri arasında təhlükəsiz mübadilənin həyata keçirilməsi üçün yeni inteqrasiya stardartlarını (şərtlərini) hazırlayaraq təsdiq etmişdir. Hazırda dövlət qurumları istifadələrində olan istənilən elektron sənəd dövriyyəsi sistemlərini təhlükəsizlik auditindən müsbət rəy almaqla, inteqrasiya standartına uyğun olaraq İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə qoşmaq üçün Xidmətə müraciət ünvanlamaqla qurumlararası kağızsız sənəd dövriyyəsində iştirak edə bilərlər. 

İdarə rəisinin sözlərinə görə, 147 dövlət qurumunun istifadəçisi olduğu İdarələrarası Elektron Sənəd Dövriyyəsi  sisteminə istifadəçilər mühafizə olunan rabitə kanalları ilə qoşulmaqla icazəsiz daxilolmalardan və təhrifetmələrdən mühafizə olunurlar.

İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə ilk olaraq 24 dövlət qurumunun istifadəçisi olduğu Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemi inteqrasiya olunur.

Nəticədə 14 min istifadəçisi olan 24 dövlət qurumunun daxili sənəd dövriyyəsi sistemindən 147 dövlət qurumu ilə birbaşa təhlükəsiz kanallarla elektron  sənəd mübadiləsinə imkan yaradılmış oldu. 

Hazırda digər dövlət qurumlarının daxili sənəd dövriyyəsi sistemlərinin İdarələrarası Elektron Sənəd Dövriyyəsi  sisteminə inteqrasiya olunması mərhələli şəkildə etibarlı kanallarla təmin ediləcəkdir. Cari ilin sonuna kimi daxili sənəd dövriyyəsi sistemləri hazır olan digər dövlət qurumlarının da İdarələrarası Elektron Sənəd Dövriyyəsi  sisteminə inteqrasiyası təmin ediləcəkdir. 

Səbuhi MƏMMƏDOV,

"Xalq qəzeti"

 

 

 

İKT