Aprelin 19-da qadın voleybolçuların Yüksək Liqasına yekun vurulub.
GİN-in Voleybol Mərkəzində Yüksək Liqanın mükafatları uğrunda oyunlar keçirilib. İlk olaraq üçüncülük qarşılaşmasında “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları üz-üzə gəliblər. Bu matçda “Gəncə” komandası 3:0 hesabı ilə qalib gələrək Yüksək Liqanın bürünc medalını qazanıb.
Ardınca baş tutan final oyununda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən “Turan” çempion adını qazanıb.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
Çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara federasiya adından təşəkkürünü bildirib. Qeyd edib ki, çempionat boyu komandalar əzmkar mübarizə aparıblar və maraqlı oyunlar nümayiş etdiriblər. O, hər bir komandanı, xüsusilə finalda qalib gələn “Turan”ı təbrik edib.
Ş.Bağırov ölkəmizdə idmanın daim inkişafda olmasını sevindirici hal kimi dəyərləndirib və bu nailiyyətlərin dövlət dəstəyinin nəticəsi olduğunu söyləyib: "Bu dəstəyə görə də ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk. Yaradılan şərait sayəsində voleybol inkişaf edir, yeni oyunçular yetişir və komandaların sayı artır".
AVF rəhbəri Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara dəstəklərinə görə təşəkkür edib.
O, bir daha bütün komandaları təbrik edib, idmançılara uğurlar arzulayıb.
Daha sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim ediblər. Avropa Voleybol Konfederasiyasının İdarə heyətinin üzvü, AVF prezidentinin müşaviri Cəlil Cəfərov Yüksək Liqa oyunlarının keçirilməsində göstərdiyi dəstəyə görə GİN-in Voleybol Mərkəzinə təşəkkürnamə təqdim edib. Ardınca qaliblərə kubok və medallar verilib. Çempiona kuboku gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər. Medalları isə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, “Demirören Yatırım Holdinq”in prezidenti Yıldırım Demirören və “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov təqdim ediblər.
Beləliklə, qadın voleybolçuların Yüksək Liqasının qalibi “Turan” komandasına qızıl medal və kubok, “DH Volley” klubuna gümüş, “Gəncə”yə isə bürünc medallar təqdim olunub.
Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, dünən keçirilən
Yüksək Liqanın (qadınlar)
final görüşündə
“Turan” - “DH Volley” 3:1 (15:25, 25:21, 25:19, 25:23), 3-cü yer uğrunda oyun
“Milli Aviasiya Akademiyası” - “Gəncə” 0:3 (18:25, 21:25, 21:25).
Qabil YUSİFOĞLU
XQ










