Bəs bu sorğuda Azərbaycan təmsilçisi və Messi kimləri seçib?
FIFA Qətərin paytaxtı Dohada keçirilən tədbirdə dünya futbolunun ən yaxşılarını mükafatlandırıb. Fransa millisi və “Pari Sen-Jermen”in hüsumçusu Usman Dembele 2025-ci ilin ən yaxşı oyunçusu nominasiyasında “The Best” mükafatına layiq görülüb.
Milli komandaların kapitan və baş məşqçiləri, həmçinin media nümayəndələri və azarkeşlərin qatıldığı sorğuda Azərbaycanı təmsil edən Rasim Mövsümov nəticələrlə bağlı fikirlərini XQ ilə bölüşüb:
“Sentyabrda “Qızıl top”u qazanan Dembelenin FIFA tərəfindən də dünyanın ən yaxşı futbolçusu seçiləcəyi gözlənilən idi. Bu sorğuda da respondentlər tərəfindən oyunçuların 2024-ci ilin avqustundan 2025-ci ilin avqustunadək olan çıxışı qiymətləndirilib.
28 yaşlı Dembelenin “Pari Sen-Jermen” ilə Çempionlar Liqasını qazanması və onun UEFA tərəfindən turnirin ən dəyərli oyunçusu seçilməsi, həmçinin mövsüm ərzində bütün yarışlarda 35 qol vurması nüfuzlu mükafata layiq görülməsi ilə nəticələnib.
Qeyd edim ki, o, həmçinin Fransa millisinin də üzvüdür və bu komandanın heyətində 2018-ci ildə dünya çempionu olub (4 matçda oynayıb). Klub karyerasının əvvəlində “Renn” və Dortmund “Borussiya”sında çıxış edib, sonra altı mövsüm “Barselona”nın şərəfini qoruyub, lakin orada ümidləri doğrultmayıb və ən yaxşı halda 2018/19 mövsümündə ümumilikdə 14 qol vurub. 2023-cü ildən isə “Pari Sen-Jermen”in formasını geyinir”.
“The Best”in yekun üçlüyündə həmçinin, “Barselonalı” Lamin Yamal və “Real Madrid”li Kilian Mbappe də yer aldığını deyən R.Mövsümov öz anketində sıra ilə Dembele, Yamal və “Pari Sen-Jermen”in digər üzvü Aşraf Hakiminin adlarını yazdığını bildirdi: “Yeri gəlmişkən, İtaliya millisinin kapitanı Canluici Donnarumma da bu oyunçuları seçib, amma cüzi fərqlə: onun sıralamasında ikinci və üçüncü mövqedəki futbolçuların yeri dəyişib.
Sorğuya Mərakeş millisinin kapitanı kimi qatılan Hakiminin özü isə Mbappe, Dembele və Rafinyaya səs verib. Dünya çempionu Argentina komandasının kapitanı, əfsanəvi Lionel Messinin seçimi isə belə olub: Dembele, Mbappe və Yamal.
Digər laureatlara gəlincə, səs verdiyim ispaniyalı Luis Enrike ən yaxşı məşqçi, italiyalı Canluici Donnarumma ən yaxşı qapıçı, qadın futbolunda isə ispaniyalı Aytana Bonmati ən yaxşı futbolçu (ardıcıl 3-cü dəfə!), niderlandlı Sarina Vieqman ən yaxşı məşqçi və ingiltərəli Anna Hempton ən yaxşı qapıçı seçiliblər. Luis Enrikenin daha əvvəl - 2015-ci ildə də FIFA tərəfindən ən yaxşı məşqçi seçildiyini, Vieqmanın isə 5-ci dəfə bu şərəfə layiq görüldüyünü qeyd etmək istərdim”.
İ.HƏSƏNQALA
XQ

