Azərbaycanda ilk dəfə keçirilən III MDB Oyunları uğurla davam edir. “Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncədə və ölkənin daha 6 şəhərində keçirilən yarışlar idmanın 23 növünü əhatə edir. Ötən gün Oyunların müxtəlif növləri üzrə yarışlar keçirilib, qaliblər müəyyənləşib. Sevindirici haldır ki, Azərbaycan idmançıları yarışlarda yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar. Dünənki nəticələrə görə ölkəmiz yarışlarda qazandığı medal sayına görə Rusiyadan sonra ikinci pillədə qərarlaşıb. Medalların əyarına görə isə hələlik Rusiya və Belarusdan sonra 3-cü yerdəyik.
Avarçəkmə
Avarçəkmə yarışlarında Azərbaycan komandası medallar qazanıb. Əlimurad Hacızadə 2009–2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə 2-ci nəticə göstərib.
Amil Ramazanov 2007–2008-ci il təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 500 və 200 metr məsafəlik yarışda 3-cü olub.
Daha əvvəl heyətində ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009–2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib və bürünc medala sahib olub.
Badminton
Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb. O, qızların fərdi yarışında rusiyalı Marina Tarasova ilə üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə məğlub olan idmançımız ikinci yeri tutub.
Daha öncə badmintonçularımız 6 bürünc mükafat əldə ediblər. Bununla da Azərbaycan millisi turniri ümumilikdə 7 medalla başa vurub.
Cüdo
Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulub.
Yığmamız final qarşılaşmasında 7:4 hesabı ilə Özbəkistan seçməsinə qalib gəlib. Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını da 7:3 hesabı ilə məğlub ediblər.
Boks
Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində oğlanlar arasında boks yarışlarının final görüşləri yekunlaşıb.
Azərbaycan millisinin boksçuları – Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) final görüşlərini yüksək səviyyədə keçirərək 1-ci yerə çıxıblar.
Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Raul Heydərli (57 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Haxverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şükar Əliyev (75 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) bürünc medallara layiq görülüblər.
Xatırladaq ki, qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar. Beləliklə, Azərbaycan boksçuları turnirdə 24 medal qazanıblar.
Qılıncoynatma
Gəncə İdman Sarayında keçirilən qılıncoynatma yarışlarında Azərbaycan idmançıları Zərifə Hüseynova və Valentina Zeynalova yarımfinalda sablya növündə rusiyalı rəqiblərinə məğlub olaraq bürünc medal qazanıblar.
Şpaqa növündə mübarizə aparan təmsilçilərimiz Mirxətai Məmmədov və Vahab Fətullayev 1/4 finalda bir-birilərinə rəqib olublar. Bu cütün qalibi yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özü üçün təmin edəcək.
Digər təmsilçimiz Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.
Güllə atıcılığı
Gəncə İdman Sarayında keçirilən III MDB Oyunlarında güllə atıcılığı yarışlarına yekun vurulub. Təmsilçimiz Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada gümüş medal qazanıb.
Daha əvvəl Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada üçüncü olmuşdu.
Xanna Əliyeva, həmçinin əvvəlki yarış günlərində aktivinə gümüş medal yazdırıb. Beləliklə, Azərbaycan təmsilçiləri III MDB Oyunlarını 3 medalla başa vurublar.
Voleybol
III MDB Oyunlarında voleybol yarışları davam edir. Qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb.
Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb.
Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.
Basketbol
III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir. Qızların mübarizəsində Azərbaycan millisi yarımfinalda Özbəkistan yığmasına 21:10 hesabı ilə qalib gələrək finala yüksəlib.
Finalda Rusiya komandası ilə qarşılaşan millimiz 13:19 hesabı ilə məğlub olub. Beləliklə, basketbolçularımız gümüş mükafatla kifayətləniblər. Oğlanlardan ibarət yığmamız isə yarımfinalda Belarus kollektivinə məğlub olub – 13:16. Üçüncü yer uğrunda görüşdə Özbəkistan komandasına 15:16 hesabı ilə uduzan basketbolçularımız yarışları 4-cü pillədə başa vurublar.
Bədii gimnastika
III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib.
Azərbaycan təmsilçiləri təsnifat mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar. Azadə Atakişiyeva top və halqa, Şəms Ağahüseynova top, Nur Sadıqova halqa, qrup hərəkətləri komandası isə 5 halqa ilə hərəkətlərin icrasında həlledici mərhələdə iştirak hüququ əldə edib.
Y.QABİL
XQ