Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə Bakının 9-cu dəfə bu yarışa ev sahibliyi etdiyini xatırladıb. O, gimnastikanın zərifliyin və gözəlliyin əlaməti olduğunu bildirərək turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb.
Rəsmi çıxışdan sonra Dünya Kuboku açıq elan olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam edib.
Turnirdə 39 ölkədən gimnastlar medallar uğrunda mübarizə aparırlar.
İdmançılar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını nümayiş etdirirlər.
Azərbaycanı fərqi proqramda çıxış edən Kamilla Seyidzadə ilə Zöhrə Cəfərova və qrup hərəkətləri komandası təmsil edir.
Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu gün start götürən yarışlara aprelin 20-də yekun vurulacaq.