Niderlandın Veyk-An-Zee şəhərində təşkil olunan nüfuzlu “Tata Steel Chess” turnirində Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilən “Fair play” mükafatının 2025-ci il üçün qalibi məlum olub.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, turnirin bağlanış mərasimində mükafatın təsisçisi Qasım Həşimovun Avropa çempionu Vüqar Həşimovun adının yaşamasında həyata keçirdiyi layihələr, ölkəmizdə təşkil olunan Vüqar Həşimov Memorialının reallaşmasında gördüyü işlər yüksək qiymətləndirilib. Ardınca ötən ay dünyasını dəyişən Q.Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Bağlanış mərasimində əsas və “challenge” yarışı üzrə “Fair Play” mükafatını qazanan şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Nodirbek Abdusattarov (Özbəkistan) və Noqerbek Kazıbekə (Qazaxıstan) verilib. Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir. Bu il “Fair Play” mükafatı 10-cu dəfə təqdim olunub.
L.QURBANOVA
XQ