UEFA Avropa Liqasının əsas turnirində mübarizə həlledici mərhələyə qədəm qoyub. Son üç turda xal ehtiyatlarını tələb olunan həddə çatdıra bilməyən klublar yarı yolda dayanıb, pley-off görüşlərini azarkeş kimi izləməli olacaqlar. Hələlik isə Liqa mərhələsini ən yaxşı 24 komanda sırasında başa vurmaq arzusu ilə yaşayan kollektivlər, o cümlədən, avrokuboklarda ardıcıl 11-ci mövsümünü keçirməsi ilə haqlı olaraq qürur duyan Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası son addımlarda büdrəməyib, imkanlardan daha çox qazanc götürməyə çalışmalıdırlar. İrəli getmək, məqsədə çatmaq istəyirsənsə, başqa yol yoxdur.
Təmsilçimiz bu gün Skandinaviyanın qonağıdır. İsveçin Boras şəhərində yerli “Elfsborq” komandası ilə oyun hər iki rəqib üçün prinsipial əhəmiyyət daşıyır. Bizim vaxtla gecəyarısı, 00:00-da başlayacaq görüş ərəfəsində 34 komandanın göstəricilərini əks etdirən turnir cədvəlində rəqibləri bir-birindən cəmi 1 xal ayırır. “Elfsborq” 4 xalla 28-ci mövqedə irəliləyir, hesabında 3 xal olan “Qarabağ” isə 32-ci pillədədir.
İki həftə əvvəl keçirilmiş 5-ci turda Azərbaycan çempionu kimi, İsveç klubu da meydançanı böyük hesablı məğlubiyyətlə tərk etmişdir. Fərq yalnız bundadır ki, “Elfsborq” futbolçuları “Atletik” Bilbaoya İspaniyada uduzmuş (0:3), bizim komanda isə “Lion”a öz meydanında məğlub olmuşdur (1:4).
Növbəti uğursuzluq bugünkü rəqiblərdən hər hansı birinin vəziyyətini daha da çətinləşdirər. Ona görə də güman etmək olar ki, hakimin start işarəsindən final fitinədək meydanda ölüm-dirim mübarizəsi gedəcək. Tərəflərdən hər hansı birinin qazanacağı qələbənin qiyməti çox yüksək, qızıla bərabər olacaq.
Əgər Qurban Qurbanovun futbolçuları bu axşam meydan sahiblərinin qapısı ağzında yaradacaqları qol epizodlarında ötən turlardakından fərqli olaraq, həlledici zərbələri mükəmməl yerinə yetirə bilsələr, “Qarabağ” son bir ayda ikinci dəfə Skandinaviyadan Azərbaycana qələbə ilə qayıdar. Noyabrda Norveçdə “Bodo Qlimt” ilə matç-
da qazanılmış uğur (2:1) hələlik yeganə qələbəmizdir.
Gələn il yanvarın üçüncü ongünlüyündə Bakıda Rumıniyanın FCSB və Yunanıstanda “Olimpiakos” ilə keçiriləcək görüşlərə daha yaxşı əhvalla hazırlaşmaq baxımından bugünkü oyunda qələbə “Qarabağ”a sanki ikinci nəfəs verər.
Hər şeyin yaxşı olacağı, Ağdam komandasının yenə Skandinaviyada uğurlu nəticəsinə sevinmək ümidi ilə.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist