Əvvəlki illərdən fərqli olaraq azarkeşlər bu il Formula 1 yarışlarında daha çox fəallıq nümayiş etdiriblər. Fərqli texnoloji təcrübələri sevənlər virtual reallığı əks etdirən F1 zonasında doyunca əylənmək şansı əldə ediblər. Bakı Şəhər Halqası kiçik qonaqları da unutmayıb. Onlar üçün müxtəlif əyləncə növləri, milli rəqslər, retro avtomobillərin sərgisi, müxtəlif foto zonalar və s. təşkil olunub.
Formula yarışlarının 2-ci günündə Bakı sakinləri və əcnəbi qonaqlarla apardığımız müsahibələri təqdim edirik:
Paul Cort, Bakı sakini: - Artıq neçə ildir ki, Bakıda yaşayıram. İngiltərədən bura işləmək üçün gəlmişəm. Ölkəniz gözəl və səliqəlidir. Burada hər günüm maraqlı keçir. İnsanların davranışı, geyim tərzi və mədəni olmaları çox xoşuma gəlir. Ötən il formula yarışlarında iştirak edə bilmədim. Lakin dünən keçirilən yarışlara qatıla bildim. Tamaşaçı kimi hər şeydən çox razı qaldım. Düşünürəm ki, Azərbaycanda təşkil olunan formula yarışları daha maraqlı olur. Yarışçılara gəlincə, britaniyalı idmançı Lando Norrisi dəstəkləyirəm.
James Saconders, turist: - Cənubi Afrikadan olsam da, Avstraliyada yaşayıram. Bakıya 6-cı dəfə gəlirəm. Adətən, bura tək səyahət edirəm. Bu dəfə dostlarımı da gətirmişəm. Burada tikilən müasir otellər, dadlı yeməklər və hər yerdə taksi xidmətinin olmasını çox bəyənirəm. Formula yarışlarını həvəslə izləyirəm. Britaniyalı idmançı Toni Brooksu çox bəyənirəm. Müasir yarışçılardan isə “Mersedes” komandasının üzvü Levis Hamiltona azarkeşlik edirəm. Çünki o, əzmi və iradəsi ilə bütün idmançılardan fərqlənir.
Toğrul Məmmədov, Bakı sakini: - Keçən ilə nisbətən bu il yarışlarda tamaşaçı sayı daha çoxdur. Bu da ölkəyə kifayət qədər turist axınının olmasından xəbər verir. İnsanların üzündəki təbəssüm və yarışlardakı ab-hava daha çox xoşuma gəlir. Komandalardan isə “Mersedes” i daha çox bəyənirəm. Çox istərdim ki, Levis Hamilton qalib gəlsin.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.