Sentyabrın 8-dən 13-dək Astanada keçirilən V Ümumdünya Köçəri Oyunları başa çatıb.
İdman bayramında dünyanın 90 ölkəsindən 2 800-dən artıq idmançı iştirak edib və 21 idman növü üzrə yarışlar keçirilib.
Azərbaycandan bu yarışlara idmanın səkkiz növü üzrə 54 idmançı qatılıb.
Qazax güləşi yarışlarında Azərbaycan idmançısı, 74 kg çəki dərəcəsində Emil Həsənov, 60 kg çəki dərəcəsində Eyvaz Baxşıyev gümüş, həmin növdə 52 kg çəki dərəcəsində Ülviyyə Bayramova və Elşən Dünyamalıyev (55 kg) bürünc medallara sahib olublar.
Aba güləşi yarışında 90 kiloqram çəki dərəcəsində Ağani Məmmədov, alış növündə Şəhanə Alməmmədova (75 kq) və Cəsur Mehdiyev (80 kq) bürünc medallr alıblar.
Yarışlarla bərabər Astanada hər gün təxminən 100-ə yaxın mədəni tədbir də baş tutub. Yarışlarda bildirilib ki, VI Ümumdünya Köçəri Oyunları 2026-cı ildə Qırğızıstanda, İssık-Kul gölünün sahillərində keçiriləcək.
Ümumdünya Köçəri Oyunlarının açılışına gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.