Özbəkistanın qədim Xivə şəhərinin və Şuşanın qardaşlaşması münasibəti ilə Xivədə “Şuşa günləri” keçirilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdən əvvəl Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Xivə şəhərinin hakimi Temur Davletov arasında görüş baş tutub.
Görüşdə qardaşlaşmış şəhərlər olan Şuşa və Xivə arasında münasibətlərin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.
Sonra Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərovun iştirakı ilə Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə görüş keçirilib.
Görüşdə 1938-1940-cı illərdə bu universitetdə müəllim kimi fəaliyyət göstərən yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin yaradılması haqqında məlumat verilib. Aydın Kərimov qədim Şuşa şəhərində aparılan abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri haqqında danışıb.
Sonda Y.V.Çəmənzəminlinin şuşalı rəssam tərəfindən çəkilən portreti Mərkəzə hədiyyə edilib. “Şuşa günləri” “İçən Qala” kompleksində maraqlı tədbirlərlə davam edib.
“Şuşa - dünən və bu gün” adlı fotosərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumat verilib.
Tədbirdə təqdim edilən XVIII-XIX əsrlərə aid "Qarabağ milli geyimləri" sərgisi maraqla qarşılanıb. Kolleksiyada əsasən Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları yer tutub.
Özbəkistanda olan müxtəlif ölkələrin səfirləri, Xivə şəhərinin hakimi Temur Davletov, Aydın Kərimov, Tural Novruzov, Elşad İskəndərov, nümayəndəliyin və Qoruq əməkdaşlarının iştirak etdiyi tədbirdə Azərbaycanın Xalq və Əməkdar artistlərinin ifasında Qarabağı, Şuşanı tərənnüm edən mahnılardan ibarət möhtəşəm konsert proqramı baş tutub, müğənnilərin çıxışları alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi rəqs nümunələri taamaşaçılara xoş ovqat bəxş edib.
Qeyd edək ki, 2023-cü il fevralın 24-dən etibarən Şuşa ilə Xivə şəhəri qardaşlaşmış şəhərlərdir.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Xivə