İndi “Formula – 1” haqqında eşitməyən adam tapa bilməzsiniz. Bu gün “kral yarışları” planetin ən nüfuzlu və populyar idman növlərindən biridir. İnanılmaz dərəcədə həyəcanverici bir tamaşaya çevrilən mübarizədə ən yaxşı pilotlar yarışırlar.
Bu idman növünün ən sadiq pərəstişkarları yarışları öz gözləri ilə görmək və sevimli komandalarını dəstəkləmək üçün minlərlə kilometr məsafə qət edirlər. Mühərrikin gurultusuna, trekin mürəkkəb döngələri ilə uçan maşınların çılğın sürətinə və hətta pilot kabinəsində belə eşidilən minlərlə pərəstişkarın coşqun qışqırıqlarına şahid olmaq bütün bunlara dəyər.
Azərbaycan regionun iqtisadi inkişaf lokomotivi olması ilə yanaşı, həm də güclü idman ölkəsidir. Bu reallığı təsdiqləyən çoxsaylı faktlar var. Birinci Avropa oyunlarını, İslam Həmrəyliyi Oyunlarını və hər ölkəyə keçirmək nəsib olmayan “Formula – 1” yarışını göstərmək kifayətdir.
Sadaladığımız bütün mötəbər beynəlxalq idman tədbirləri ölkəmizin nüfuzunun daha da artmasına səbəb olmaqla yanaşı, müsbət iqtisadi təsir göstərməklə də yadda qaldı. Xüsusilə də “Formula – 1” yarışlarının ölkəmizdə keçirilməsi iqtisadiyyatın xidmət sektoruna təsirləri ilə fərqlənir. İlk növbədə “kral yarışları” keçirilən ölkə yaxşı mənada turist hücumuna məruz qalır. Məsələn, 2019-cu ildə Bakıda keçirilmiş “Formula – 1” yarışı çərçivəsində Azərbaycana 4 ölkədən 75 min turist gəlmişdi. Buna görə də, əbəs yerə demirlər ki, idman təkcə fiziki fəaliyyət və rəqabət deyil, həm də turizm sənayesinin inkişafı üçün güclü mühərrikdir.
İdman tədbirləri keçirildiyi şəhərlərdə infrastrukturun və turizm obyektlərinin inkişafına təkan verir. Turistləri cəlb etmək üçün yeni otellər, restoranlar, mağazalar, əyləncə obyektləri yaradılır. Bu, rayonun iqtisadi inkişafına, iş yerlərinin açılmasına öz töhfəsini verir. İdman tədbirləri bir yerin populyarlığını əhəmiyyətli dərəcədə artırır və turistlərin diqqətini cəlb edir.
“Formula – 1” kimi tədbirlərə evsahibliyi edən şəhərlər və ölkələr öz mədəniyyətlərini, tarixini və görməli yerlərini dünya ictimaiyyətinə təqdim etmək imkanı qazanırlar. Bu, turist axınının artmasına və iqtisadi göstəricilərin artmasına səbəb olur. Eyni zamanda, “Formula – 1” yarışlarının multiplikativ effekti çox böyükdür. Burada minlərlə əcnəbi qonaq pul xərcləyir və iqtisadi baxımdan səmərəlidir.
Bundan başqa, idman tədbirləri müxtəlif ölkələr və mədəniyyətlər arasında sosial qarşılıqlı əlaqəni və mədəni mübadiləni təşviq edir. İdman tədbirlərinə gələn turistlər dünyanın müxtəlif yerlərindən olan insanlarla tanış olmaq və onlarla ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq və yeni dostluqlar yaratmaq imkanı əldə edirlər. “Formula – 1” yarışlarını izləmək üçün Bakıya minlərlə turust gəlir və ölkəmizdə qaldığı müddətdə təkcə pilotların amansız mübarizəsini izləmir, həm də zəngin mədəniyyətimizin inciləri ilə tanış olur, insanlarımızla ünsiyyət qurur, xalqımızın qonaqpərvərliyini hiss edir. İdman həqiqətən turistləri cəlb edən və unudulmaz təcrübələr yaradan güclü amildir.
Statistik rəqəmlər belə deməyə əsas verir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, 2016-2019-cu illər ərzində Bakıda “Formula – 1” yarışlarının keçirilməsinin ümumi iqtisadi effekti 506,3 milyon dollar (860 milyon manat) təşkil etmişdi. Bu məbləğə həm birbaşa, həm də dolayı gəlirlər daxildir. Onların 24,5 faizi turizm və nəqliyyat sektorlarının payına düşmüşdü ki, bu da yarış həftəsonları xidməti ilə birbaşa bağlıdır. 2023-cü il Qran-prisində bilet satışı yüksək olmuşdu. Satışa çıxarılan biletlərin 90 faizi sahibini tapmışdı. Ən əhəmiyyətlisi bu olmuşdu ki, satılmış biletlərin 70 faizini əcnəbilər almışdılar.
Eyni zamanda, “Formula – 1” ölkənin tanıdılması üçün əla platformadır. Təkcə onu qeyd etmək kifayətdir ki, “kral yarışları”nın dünya üzrə auditoriyası 500 milyon nəfəri ötür. Bu isə bir ölkənin güclü reklam olunması deməkdir. Bunun nəticəsidir ki, “Formula – 1” azarkeşləri arasında keçirilən sorğuda respondentlərin 74 faizi “Formula – 1” Azərbaycan Qran-prisinin davamlı keçirilməsinin tərəfdarı olduğunu açıqlamışdı. Onların 73 faizi Bakı Şəhər Halqasının “Formula – 1” yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını bildirmişdi. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının “Formula – 1” təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulamışdı.
Heç kimə sirr deyil ki, indi ən inkişaf etmiş, böyük sənaye potensialına və kənd təsərrüfatına malik ölkələr hər bir turist üçün mübarizə aparır. İnkişaf etmiş ölkələrdə, xüsusən də attraksionların olduğu ölkələrdə turistlərin sayı on milyonlara çatır. Azərbaycan da turizmin inkişafı üçün əməli tədbirlər atır. “Formula – 1” yarışlarının keçirilməsi də bu sektorun inkişafında böyük rol oynayır. Bundan başqa, “Formula – 1” yarışın təşkilində 1500-ə yaxın əməkdaş, 2000 könüllü və 1400-dən çox marşal iştirak edir. Həmçinin Bakı dairəvi avtomobil yolunun yaradılması zamanı ən son texniki yeniliklərdən istifadə olunur, yol infrastrukturunda müsbət dəyişikliklər, təhlükəsizlik və ətraf mühitin mühafizəsi məsələləri müzakirə edilir, diqqətdə saxlanılır.
Bir sözlə, “Formula – 1” kimi möhtəşəm yarışın Bakıda keçirilməsi əldə olunan uğurlar sırasında mühüm hadisədir. Sevindirici haldır ki, ölkəmizdə reallaşan Azərbaycan Qran-prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və bu onu göstərir ki, Azərbaycan dünyanın ən baxımlı sürət yarışına evsahibliyi etməklə artıq öz təşkilatçılıq bacarığını ortaya qoya bilmişdir. Ötən illərdə olduğu kimi, 2024 “Formula – 1” Azərbaycan Qran-prisinin də trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə hamıya, xüsusilə də sürətsevənlərə unudulmaz həyəcanlı anlar yaşadacağı şübhə doğurmur.
Səbuhi MƏMMƏDOV
XQ