Paris Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında rəqiblərindən güclü olan, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Orxan Aslanovun “Xalq qəzeti” redaksiyasına gəlişi qalib idmançı ilə kollektivin təmasına imkan yaratdı. Milyonların izlədiyi mötəbər yarışda çempion adı qazanmış soydaşımızla səmimi söhbət hamı üçün xoş oldu.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Orxan Aslanovu Paris Paralimpiadasında qazandığı möhtəşəm qələbə münasibətilə təbrik etdi. O qeyd etdi ki, paralimpiyaçılarımız Parisdə böyük uğurlar qazanmaqla Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıblar. Baş redaktor sonra dedi:
– Bu böyük nailiyyət xalqımızı sevindirir. İdman ölkəsi olan Azərbaycan bu qələbəyə layiqdir. Bu gün həyatımızın bütün sahələrində, o cümlədən idmanda əldə etdiyimiz uğurlar dövlətin idman və siyasətinin məntiqi nəticəsidir.
Qəzetin rəhbəri Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsinə görə də Orxan Aslanovu təbrik etdi.
Görüşdə Tokio və Paris paralimpiadalarının qalibi Orxan Aslanovun və digər paralimpiyaçılarımızın əldə etdikləri nailiyyətlərlərdən ətraflı söhbət açıldı. Qeyd edildi ki, komandamızın çıxışı çox uğurlu olub. Yığmamız yarışda 18 idmançı ilə təmsil olunub və 11 medal qazanıb. Ümumi medal sıralamasında Azərbaycan 28-ci sırada qərarlaşıb.
Orxan Aslanov xoş sözlərə və səmimi duyğulara görə, media kollektivinə minnətdarlıq etdi. İkiqat Paralimpiya çempionu yarış vaxtı həm qəzetimizdə haqqında yazılan yazıları oxuduğunu və bunun onu yüksək nailiyyətlərə ruhlandırdığını bildirdi:
– Biz idmançılara ölkə rəhbərliyi və ictimaiyyət böyük dəstək verir. Bu da bizə əlavə mənəvi güc gətirir. Özüm barədə yazılanları oxuduqca sanki qanadlanıram. Xalqımızın, məşqçi və mütəxəssislərin etimadını doğrultduğum üçün sevinirəm. “Şöhrət” ordeni ilə təltif edilməyim isə mənim üçün ikiqat sevindirici oldu. Belə bir yüksək mükafata layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İdmana, idmançılara diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
Qalib idmançıdan qəzetimiz üçün aldığımız geniş müsahibə növbəti saylarımızda oxuculara təqdim ediləcək.
L.AZAD
XQ