Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

post-img

Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

İclasda əvvəlcə Komissiyanın sentyabrın 11-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Komissiya daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, obyektiv və hərtərəfli araşdırılması nəticəsində Milli Məclisə seçkilər keçirilən 11 seçki məntəqəsində – 21 saylı Nəsimi – Binəqədi seçki dairəsinin 30, 70 saylı Neftçala seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49, 86 saylı Ağcabədi seçki dairəsinin 7 və 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən, Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib.

Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

Siyasət