“King of kings” təşkilatının Türkiyənin İstanbul şəhərində keçirdiyi peşəkar döyüşdə qalib gələn Azərbaycan kikboksçusu Şikar Bədəlov Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançının qarşılanma mərasimi olub.
Səksən kiloqram çəki dərəcəsində keçirilən döyüşdə “King of kings” kəmərinin sahibi Şikar Bədəlov niderlandlı Kevin Krosla qarşılaşıb. Rəqib ilk raundda ayağından zədə alıb, ikinci raundda isə döyüşdən imtina edib. Bununla da təmsilçimiz qələbə qazanıb.
“Qələbəyə köklənmişdim. Ona görə də xüsusi hazırlıq prosesi keçmişəm. “King of kings” təşkilatı ilə 2027-ci ilədək anlaşmam var. Bütün döyüşlərə xüsusi həssaslıqla yanaşır, qələbə üçün çıxıram. Bu dəfə də belə oldu. Məni dəstəkləyənlərə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycanımızın şanlı bayrağını həmişə zirvələrdə dalğalandıracağam”, – deyə Şikar Bədəlov bildirib.
Qeyd edək ki, Şikar Bədəlov çıxdığı 16 döyüşdə 13-ü nokaut olmaqla 15 dəfə qalib gəlib.