“Qala” Qoruğu beynəlxalq Açıq Hava Muzeyləri Assosiasiyasına üzv seçilib

post-img

Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan “Qala” Dövlət Ta­rix-Etnoqrafiya Qoruğu Arxeologiya üzrə Beynəlxalq Açıq Hava Muzeyləri Assosiasiyası­na üzv qəbul edilib.

Bununla bağlı mətbuata “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat ve­rilib. Qeyd edilib ki, Danimarka Krallığında təsis edilən EXARC təşkilatının hazırda 432 üzvü var. Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Bey­nəlxalq Assosiasiyası, eyni zamanda Beynəlxalq Muzeylər Şurasının tərəfdaşı və Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür.

İdarənin məlumatına görə, Qala Qoruğunun bu təşkilatda təmsil olunması Azərbaycanın əsrlər boyu məişətinin və yaşam tərzinin, eyni zamanda tarixinin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ edilməsi, həmçinin Qalanın dünyada tanı­dılması baxımından əhəmiyyətlidir. Qala Qoruğu barədə məlumatlar artıq təşkilatın rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, 1988-ci ildə yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu eramızdan əv­vəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzini, kurqanlar, sərda­bələr, yaşayış evləri, qəsr, məscidlər və hamamlar da daxil olmaqla, ərazidə mövcud tarixi abidələri və artefaktları qoruyub-saxlamaq məqsədilə yara­dılıb. Qədim sənət növləri burada orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu “İçə­rişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə olunur.

F.HÜQUQQIZI
XQ

Mədəniyyət