Paralimpiyaçılarımız 3-cü medalı qazanıblar

post-img

Paris Yay Paralimpiya Oyunlarında Azərbaycanın parataekvondo komandası tarixi nəticə əldə edib. 

Yarışın 2-ci günündə finaladək bütün rəqibləri­ni mübarizədən kənarlaşdıran İmaməddin Xəlilov (K44, 70 kq) həlledici mərhələdə Türkiyə təmsilçi­si Fatih Çəliklə qarşılaşıb. Əzmkar mübarizə nəti­cəsində rəqibə 15:2 hesabı ilə qalib gələn idmançı­mız parataekvondo tarixində ilk dəfə paralimpiya çempionu adını qazanıb. Bu, həm də komandamı­zın mötəbər yarışda ilk qızıl medalı olub. 

Növbəti gün – avqustun 31-də komandamızın daha 4 üzvü –paraüzgüçülər Raman Salei, Könül Süleymanova, parataekvondoçu Əbülfəz Abuzərli (K44, 80 kq), paraatıcı Aybəniz Babayeva müba­rizəyə qoşulublar. 

Azərbaycanın ən titullu paraüzgüçüsü Ra­man Salei S12 kateqoriyasında 100 metr mə­safəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. Finişə 1 dəqiqə 1,29 saniyə ilə birinci çatan paraüzgüçü finala vəsiqəni təmin edib. Bu mərhələdə isə idmançımız 1:00.67 nəticə ilə gümüş medal qazanıb. 

Onun komanda yoldaşı Könül Süleymanova S2 kateqoriyası üzrə 50 metr məsafəyə arxası üstə üzməkdə mübarizə aparıb. Könül Fransa paytaxtında ikinci cəhdində 1:52,64 dəqiqəlik göstərici ilə qrupda 5-ci, yekun siyahıda 11-ci olub. Bununla da Süleymanova Fransa paytax­tında çıxışını başa vurub. O, eyni kateqoriya və üsulla 100 metr məsafəyə üzməkdə öz qrupunda 5-ci olub.

Dünən parataekvondoçu Əbülfəz Abuzərli 1/8 final çərçivəsində ilk qarşılaşmada Allain Qana­pinə (Filippin) 12:9 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlsə də növbəti görüşlərdə uduzaraq çıxışlarını dayandırıb.

Azərbaycan millisinin daha bir üzvü – paraatıcı Aybəniz Babayeva (P2) isə 10 metr mə­safəyə atəşaçma yarışında məharətini nümayiş etdirib. 542 xal toplayan təmsilçimiz təsnifat mər­hələsində 14-cü yeri tutub. Finala vəsiqə qazanan 8 iştirakçı arasına düşə bilməyən idmançımız mü­barizəni dayandırıb.

Bununla da, komandamızın qazandığı me­dalların sayı 3-ə çatıb. Xatırladaq ki, yarışın 1-ci günündə parataekvondoçumuz Sabir Zeynalov bü­rünc medal qazanmışdı. 

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. 

Leyla QURBANOVA
XQ



İdman