Sentyabrın 13–15-də dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Azərbaycan paytaxtı 8-ci dəfə dünyanın ən həyəcanlı avtomobil idmanı yarışına – Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinə evsahibliyi edəcək.
Dünyanın ən mötəbər avtomobil yarışlarına hazırlıqla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommunikasiya şöbəsi “Xalq qəzeti”nin ünvanladığı sualları cavablandırıb.
– Yarışa hazırlıq hansı mərhələdədir?
– Paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 13-15 sentyabr tarixlərində evsahibliyi edəcək. Artıq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq işləri də tamamlanmaq üzrədir. Hazırda tikinti-quraşdırma işləri davam edir. İşlərin maksimum keyfiyyət və operativliklə görülməsi üçün eyni anda 50-dən çox ərazidə iş aparılır. Artan azarkeş axınını nəzərə alaraq bu il yeni tribunalar quraşdırılıb və oturacaq sayı əhəmiyyətli dərəcədə artırılıb. Bu da hər kəsin möhtəşəm yarışı yerində izləyə bilməsi üçün yaradılan xüsusi bir fürsətdir.
– Yarışda nə qədər könüllü iştirak edəcək?
– Bu il könüllü proqramımız inanılmaz maraqla qarşılanıb. Cəmi 4 gün ərzində 16 mindən çox namizəd qeydiyyat üçün müraciət edib. Bu da Formula 1 tarixində yeni rekorddur. Yarışda iştirak edəcək 2 min könüllüdən 100-ü dünyanın fərqli qitələrindən müraciət edən xarici ölkə vətəndaşlarıdır. Ən yaşlı könüllümüz 73 yaşındadır. Digər maraqlı fakt isə könüllülərin 69 faizinin məhz qadın olmasıdır. Könüllülərin yarışa hazırlığı yekunlaşmaq üzrədir. Onlar yarışların müxtəlif sahələrində fəal rol oynayacaqlar – insan resursları, işçi qüvvəsi, media əməliyyatları, şəhər və ofis əməliyyatları, hava limanı və qonaqların qarşılanması kimi mühüm istiqamətlərdə fəaliyyət göstərəcəklər.
– Marşalların hazırlığı necə gedir?
– Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilində və keçirilməsində marşallar böyük əhəmiyyət daşıyırlar. Formula 1 yarışını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olan marşallara “Yarış rəsmiləri” də deyilir. Builki yarışda 1500-ə yaxın yerli və əcnəbi marşal iştirak edəcək. Hazırda Bakı Şəhər Halqasının Təlim Mərkəzi marşallar üçün təlimləri fəal şəkildə davam etdirir. İyul ayından etibarən keçirilmiş təlimlərin 5 mərhələsi artıq tamamlanıb. Bu təlimlər marşalların müxtəlif vəziyyətlərdə təhlükələri və maneələri sürətlə aradan qaldırması və yarışın mükəmməl şəkildə idarə olunmasını təmin etmək məqsədini daşıyır.
– Azarkeşləri hansı yeniliklər gözləyir?
– Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 əcnəbi qonaqların axını ilə yeni bir rekorda imza atacaq. Ölkəmizə 100-dən çox fərqli ölkədən azarkeş axını gözlənilir. Ən çox bilet alan ölkələr arasında Azərbaycan, Türkiyə, Birləşmiş Krallıq, ABŞ, Niderland və Hindistan liderdir.
Bu ilin həyəcanı yalnız yarışlarla məhdudlaşmır – azarkeşləri rəngarəng əyləncə proqramları, canlı konsertlər və unikal təcrübələr, bir sözlə, möhtəşəm bir şou gözləyir. Sentyabrın 13-də “Bakı Kristal Hall”da səhnəyə çıxacaq məşhur amerikalı aktyor və musiqiçi Will Smith və Grammy mükafatçısı Black Coffee ilə unudulmaz gecə yaşanacaq. Ardınca, 14 sentyabrda dünya musiqisinin parlaq ulduzu J Balvin səhnəni alovlandıracaq. Bu əyləncə proqramları yarış formatının ayrılmaz hissəsidir. Hər il olduğu kimi, bu il də azarkeşlər Formula 1 təcrübəsini ən yaxşı şəkildə yaşayacaqlar.
L.SABİRQIZI
XQ