Azərbaycanın güləş üzrə olimpiya komandasının yarısı artıq Fransanın paytaxtı Paris şəhərindədir.
Dünən Yunan-Roma güləşçiləri – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüblər.
Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.
Avqustun 5-də Murad Məmmədov ilə Sabah Şəriəti, növbəti gün Sənan Süleymanov və Mariya Stadnik, Həsrət Cəfərovla Rafiq Hüseynov isə avqustun 7-də mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaqlar.