Transgender qalmaqalına reaksiya böyüyür

post-img

Paris Olimpiadasında transgenderlərin qadın yarışlarında iştirakı ilə bağlı ilk səs-küy­lü qalmaqal yaranıb. Cümə axşamı qadın boksçular arasında Əlcəzair təmsilçisi İman Həliflə italiyalı Angela Karini arasında keçirilən görüş 46 saniyəyə başa çatıb. Kari­ni cəmi iki zərbə alaraq mübarizəni davam etdirməkdən imtina edib. Onun sözlərinə görə, o, həyatında heç vaxt bu qədər döyülməyib. Fakt budur ki, İman Həlif tam olaraq qadın deyil, amma ona kişi də demək olmaz. O, ötən il dünya çempionatından kənar­laşdırılıb. Daha sonra Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançının gender testini aparıb və nəticədə onda həm qadın, həm də kişi xromosomun olduğu müəyyən edilib. 

Maraqlıdır ki, qarşılaşmada Həlif rəqibinə cəmi iki nəzərəçarpan zərbə vura bilib. Birinci zərbə ilə italyan xanımın dəbilqəsini yerindən oynadıb, ikinci zərbə ilə rəqibin burnunu sındı­rıb. Döyüşdən sonra italyan boksçu bildirib ki, əvvəllər ona heç vaxt belə ağır zərbə vurulmayıb: “Bəsdir, istəmirəm!” 

İstənilən halda boksçunun burnu qırıldığına görə belə erkən mərhələdə döyüşü davam etdir­məkdən könüllü imtina etməsi nadir hadisə kimi qiymətləndirilir. İman Həlif isə hadisəni sakitlik­lə qarşılayıb, Parisə qızıl üçün gəldiyini və bunun üçün yalnız ilk addımı atdığını qeyd edib. 

Bununla belə qalmaqal dünya miqyasında da geniş əks-səda doğurub. Məsələn, İtaliyanın baş naziri Giorgia Meloni deyib ki, idmançılara bə­rabər imkanlar yaradılmalıdır: “Hesab edirəm ki, genetik kişi xüsusiyyətlərinə malik idmançılar qa­dın kateqoriyalarına qəbul edilməməlidir. Bu, heç kimə qarşı ayrı-seçkilikdən deyil, bərabər şərtlərlə yarışmaq imkanı əldə etməli olan qadın idmançı­ların hüquqlarının qorunmasından gedir. Bu, həm də təhlükəsizlik məsələsidir. Düşünürəm ki, ay­rı-seçkiliyə yol verməmək, nəticələri nəzərə almaq lazımdır. Bu, ədalətli mübarizə deyildi”. 

“Harri Potter” kitablarının müəllifi Coan Roulinq də hadisəyə münasibət bildirib. O, X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Gənc qadın boksçunun üzərində işlədiyi və məşq et­diyi hər şeyi əlindən alındı. Hamısı ona görədir ki, kişinin onunla rinqə çıxmasına icazə verdiniz. Siz-biabırçısınız, sizin müdafiəniz gülüncdür, Paris Olimpiadası həmişəlik amansız haqsızlıq­la ləkələnəcək... Niyə kişinin camaat qarşısında qadını döyməsinə razılıq verirsiniz? Bu, idman deyil”. 

Əlavə edək ki, BOK cinsiyyəti şübhəli olan iki idmançının qadın boks turnirində iştirakına icazə verib. İman Həlifdən başqa, Beynəlxalq Boks Assosiasiyası tərəfindən aparılan testlərdə kişi xromosom dəsti aşkar etdiyi Lin Yu-Tinqdir­də (Tayvan). O, 57 kq çəki dərəcəsində mübarizə aparır.

İdman