Paris Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın gənc pəhləvanlarından biri Turan Bayramovun adı dünya güləş ictimaiyyətinə yaxşı tanışdır. 23 yaşlı idmançı karyerasının ən parlaq nailiyyətlərini 2017-ci ildən qazanmağa başlayıb. 2018-ci ildə yeniyetmələr arasında həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olub.
Gəncə məktəbinin yetirməsi 1 il sonra gənclərdə Avropa çempionu və dünya 3-cüsü olub. Həmin ildə ən böyük qələbəsini – 23 yaşadək güləşçilər arasında dünya çempionu titulunu qazanıb. 2021-ci ilin ilk aylarında 65 kiloqram çəkidə güləşsə də, sonra 70 kiloqram çəki dərəcəsində böyüklər arasında Avropa 2-cisi olub ki, bu da onun kişilərin yarışında ilk uğuru idi. Turan daha sonra güclü rəqabətin olduğu 74 kiloqram çəki dərəcəsinə keçib. Həmin çəkidə böyüklər arasında 2022-ci ildə Avropa çempionatında bürünc medal qazanıb. Reytinq turnirlərində gümüş və qızıl medal əldə edib. Dünya çempionatında 74 kiloqram çəki dərəcəsində medal qazanmasa da, rəqiblərini tanıyıb.
Turan Bayramovun şəxsi məşqçisi Abil İbrahimov qəzetimizə açıqlamasında yetirməsinin böyük potensiala malik olduğunu bildirdi:
– Turanla məndən əvvəl atası məşğul olub. Onu mənim yanıma gətirəndə 12 yaşı var idi. Artıq müəyyən qədər bu idman növünün sirlərinə yiyələnmişdi. İlk məşqlərdən çalışqanlığı ilə diqqəti cəlb edirdi. Yeniyetmələr və gənclər arasında böyük nailiyyətlər əldə edib. Tokio Olimpiadasında iştirak edəndə 20 yaşı var idi. Yarışa 1 aydan az vaxtın qaldığı bir zamanda, həmin çəkidəki idmançı zədələndiyi üçün Tokioya o getməli olub. Çoxları bir mərhələni belə keçə bilməyəcəyini düşünsə də, Turan çox gözəl güləş nümayiş etdirdi. İlk mərhələdə Ukraynanın titullu güləşçisini məğlub etdi. 1/4 finalda rəqibi Rio-de-Janeyro Olimpiadasının bürünc medalçısı, İtaliya idmançısı Fran Çamizoya uduzmağında hakim ədalətsizliyinin də rolu oldu. Amma bu il həmin idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında Turan Bayramova məğlub oldu. Turan məhz həmin qarşılaşmanın qalibi kimi, Paris Olimpiadasına lisenziya qazandı.
Qeyd edək ki, Turan güləşdiyi 65 kiloqram çəkidən sonra 70 kiloqrama keçib. Düzdür, o həmin çəkidə dünya və Avropa çempionu ola bilərdi. Amma o, rəqabətin daha güclü olduğu 74 kiloqramda güləşməyə üstünlük verib. Çünki əsas məqsədi olimpiadada iştirak edib yaxşı nəticə qazanmaq idi.
Turan bütün çətinlikləri keçərək bu çəkiyə uyğunlaşıb. O, hazırda bu çəkidə güclü güləşçilərdən biridir.
Məşqçisi Turanın bu olimpiadada iddialarının böyük olduğunu bildirdi:
– Turan öz rəqiblərini tanıyır. Prinsipial rəqiblərindən biri Fran Çamizodur. İtaliyalı karyerasının son yarışında iştirak edəcək. Onlar bu dəfə də görüşsələr, qarşılaşma həlledici olacaq. Turan rəqibləri ilə bərabər şəkildə mübarizə aparmağa qadirdir.
Leyla QURBANOVA
XQ