Olimpiya çempionluğu idmançılarımız üçün əlyetəndir

post-img

Paris Olimpiadasına 5 gün qalıb

Sovet dövründə ittifaq idmanında layiqli mövqe tutan Azərbaycan idmançıları dünya çempionatlarında və olimpiadalarda da uğurla çıxış etmişlər. Müstəqillik illəri isə ölkə idmanının tarixində yeni mərhələ olmuşdur. Soydaşlarımız üçün yaradılmış hərtərəfli şərait onların beynəlxalq yarışlarda qələbələrini daha əlçatan edib. Paris Olimpiadasından gözləntilərimiz isə daha yüksəkdir. 

Zemfira Meftaxetdinova, Sidney Olimpiadasının qalibi, Afina Oyunlarının bürünc medalçısı:

5 gündən sonra həyatımızın ən unudulmaz anlarına şahidlik edəcəyik. Dünyanın güclü ölkələrinin iştirak edəcəyi dördilliyin ən mötəbər idman yarışında Azərbaycan Olimpiya yığmasının çıxışını həyəcan və fəxrlə izləyəcəyik. Olimpiya mübarizəsinin nə olduğunu biz yaxşı bilirik. Azərbaycan idman dövləti olduğu üçün təmsilçilərimiz dünyanın da diqqət mərkəzində olacaq. 

Olimpiadaya yola düşəcək idmançılarımızı bu gün cəmiyyətimizdə hamı tanıyır. Çünki onlar bizə qələbə sevincləri yaşadıblar, bu insanlara ölkəmizdə böyük hörmət var. İdmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət nəticəsində atletlərimiz cəmiyyətdə layiqli yer tutublar. Bu siyasət nəticəsində qələbələrimizin sayı ildən-ilə artır. 

Əgər müstəqilliyimizin ilk olimpiadalarında  məhdud sayda idman növləri üzrə təmsil olunurduqsa, indi daha geniş proqram üzrə iştirak edirik. Bu da onu göstərir ki, Azərbaycanda idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün mükəmməl idman infrastrukturu qurulub. Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı və digər arenalar, həm də hər kəsi valeh edən gözəl memarlıq əsərləridir. 

Olimpiyaçılarımız arasında çoxlu region idmançılarının olması, bölgələrimizdə də idmanın bütün növləri ilə məşğul olmaq üçün yaradılan lazımi şəraitdən xəbər verir. Bu cür gözəl idman infrastrukturu idmanın kütləviliyinin təmin olunmasında mühüm rol oynayır. İdmanla məşğul olan uşaqlar, yeniyetmələr fiziki sağlam olmaqla yanaşı, mənəvi cəhətdən də kamilləşir, yüksək keyfiyyətlərə malik olurlar. 

Biz müstəqilliyimiz dövründə yetişən gənclərimizin hünərinə Vətən müharibəsində bir daha şahid olduq. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimiz böyük Zəfər qazandılar. Bu dəfə gənclərimizi Parisdə hünər meydanı gözləyir. Ürəyimiz sizinlə döyünür, əziz olimpiyaçılarımız! 

Yeni Olimpiya çempionlarımızı gözləyirik

Lyudmila Şubina, Monreal Olimpiadasının qalibi:

Müstəqil Azərbaycanın komandası bu mötəbər yarışlarda güclü heyətlə çıxış edir. Hər dəfə komandamız Olimpiadaya yola düşəndə Olimpiya Oyunlarında çıxış etdiyimiz dövrü xatırlayıram. Gənc nəsil xoşbəxtdir ki, onlara belə böyük bir yarışda doğma ölkəmizin bayrağı altında çıxış etmək nəsib olub. O zaman SSRİ yığmasına düşmək çox çətin idi. Amma indi əmək sərf edən, nailiyyətləri olan hər bir idmançının yığmaya düşmək imkanları daha böyükdür. 

Azərbaycan hazırda ən güclü idman ölkələrindən biri kimi tanınır. Sevindirici haldır ki, budəfəki oyunlarda ilk dəfə komanda idman növündə – basketbolda təmsil olunuruq. Paris Olimpiadasında millimizin çıxışını səbirsizliklə gözləyirəm. Əminəm ki, nailiyyətlərimiz çox olacaq. 

“Qarabağ” həndbol klubunun prezidenti kimi idmanın inkişafına töhfələrimi verməyə çalşıram. Komandamız ölkə çempionudur. Yığmamız Avropa Kubokunda oynayacaq. İlk oyunlar oktyabrın 5-6-da, cavab qarşılaşmaları 12-13-də keçiriləcək. Lüksemburqun “Red Boys Differdanj” klubu rəqibimiz olacaq. Arzum budur ki, basketbolla yanaşı, hədbolda və digər komanda idman növlərində də Avropa və dünyada böyük nailiyyətlərimiz olsun. Nəhayət, Olimpiya Oyunlarında da gücümüzü göstərək. 

Ölkəmizdə idmançılara diqqət və qayğı çox böyükdür. Son illər idmançılarımızın qazandıqları böyük qələbələr də bunu sübut edir. Paris Olimpiadasında yeni Olimpiya çempionlarımızı gözləyirik!

Tarixi Zəfəri Parisdə də nümayiş etdirmək əzmindədirlər

Fərid Mansurov, Afina Olimpiadasının qalibi:

Mənə tez-tez sual verirlər ki, güləşdə qızıl medal gözləyirikmi? Son illər bütün yaş kateqoriyalarında güləş üzrə qazanılan nəticələrə nəzər salsaq, böyük nailiyyətlərin əldə edildiyini görərik. Bu il sərbəst güləş üzrə U-17, U-20 komandalarımız Avropa çempionu olub. Yunan-Roma güləşi üzrə yığmamız U-17-də 3-cü (1921–1922–1924) dəfə Avropanın ən güclüsü adını qazanıb. 15 yaşadək güləşçilərimiz hər 2 növdə qitə çempionatında qalib olublar. U-23 Avropa çempionatında həm sərbəst, həm də klassiklərimiz ilk dəfə çempion adına layiq görülüblər. 

Ötən il yunan-Roma güləşi üzrə millimiz (kişilər) komandalar arasında ilk dəfə dünya çempionu olub. Nailiyyətlərimiz o qədərdir ki, sadalamaqla bitmir. Ötən Olimpiya Oyunlarında qızıl medalla yanaşı, saysız-hesabsız digər mükafatlar da qazanmışıq. Əlbəttə, bu oyunlardan qızıl medal da gözləyirik. Son olimpiadada pandemiyaya görə, idmançılar o qədər də yaxşı hazırlaşa bilməmişdilər.   

Düzdür, Olimpiya Oyunlarında rəqabət çox yüksək olur. Çünki bu yarışlara seçilmiş idmançılar gedir. Amma yığmamız da ən güclülərdən biri hesab olunur. Komandamızda dünya reytinqinin öncülləri olan idmançılar yer alıb. 

Millimizin komanda ruhu çox yüksəkdir. Azərbaycan ilk dəfədir ki, Olimpiya Oyunlarına ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Olimpiya Oyunlarında qalib ölkəni təmsil edəcəyik. Bu da idmançılarımıza əlavə stimul verir. Belə bir mötəbər yarışda bayrağımızı yüksəltmək, Dövlət Himnimizi səsləndirmək üçün komandamızın hər bir üzvü maksimum gücü ilə mübarizə aparacaq. 

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Avropa çempionatının iştirakçıları ilə görüşündə bir daha tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurguladı: “Bizim, əlbəttə ki, güclü ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”.  

Döyüş meydanında əldə etdiyimiz tarixi Zəfəri idmançılarımız Olimpiya Oyunlarında da da qazanmaq əzmindədirlər. Əminik ki, komandamız Parisdə yenilməz güc nümayiş etdirəcək!

Leyla QURBANOVA 
XQ

 





İdman