Tramp isə mübarizəni davam etdirəcək
ABŞ Prezidenti demokrat Co Bayden yenidən bu vəzifəyə seçilmək uğrunda mübarizədən çəkilir. Bu barədə amerikalı siyasi şərhçi Mark Halperin çoxsaylı mənbələrə istinadən “Newsmax” telekanalının efirindən bildirib.
Onun sözlərinə görə, dövlət başçısı müvafiq bəyanatla avqustun 19–22-də Çikaqoda keçiriləcək Demokratlar Partiyasının milli qurultayında çıxış edəcək. Bəs buna səbəb nədir? Bəzi məlumatlara görə, artan təzyiq, Trampla debatlardakı zəif çıxış Baydeni geri çəkilmək qərarı ilə barışdırb. Bundan başqa, onun partiyasının yüksək rütbəli liderləri, dostları və əsas donorları Baydenin qalib gələ bilməyəcəyinə, yaşı və əqli qabiliyyətinə dair ictimai rəyi dəyişdirməyin mümkün olmadığına inanırlar. Nyu-Yorkda Demokrat Partiyasının əsas donorlarının görüşündə onun seçki kampaniyası üçün maliyyənin dayandırılmasını müzakirə ediblər. Demokratların təxminən üçdə ikisinin Baydenin prezidentlik yarışından çıxmasını istədiyini göstərən sonuncu sorğu Ağ evdə və Konqresdə əks-səda doğurub. Media yazır ki, Bayden Demokratlar Partiyasının təzyiqi altındadır.
Qurultayda ABŞ prezidentliyinə yeni namizədin seçiləcəyi də gözlənilir. M.Halperin əlavə edib ki, Bayden noyabrda keçiriləcək seçkilərə qədər vəzifəsini tərk etmək niyyətində deyil. Şərhçinin mənbələri iddia edir ki, hazırkı dövlət başçısı ABŞ-nin vitse-prezidenti Kamala Harrisi öz varisi kimi dəstəkləmək fikrində deyil. M.Halperin Demokratlar Partiyasından prezidentlik yarışında Baydeni əvəz edə biləcək bir neçə namizədin adını çəkib. Bunlar Kentukki, Pensilvaniya, Kaliforniya və Miçiqan qubernatorları – Endi Beşir, Coş Şapiro, Qavin Nyusom və Qretçen Uitmerdir.
Bundan əvvəl politoloq Sergey Markov bildirmişdi ki, Co Bayden özəl olaraq seçki yarışında namizədliyini geri götürməyə hazırdır. Onun sözlərinə görə, Demokratlar Partiyasından kimin davamçı olacağı sualı olaraq qalır, lakin böyük ehtimalla bu, Kamala Harris olacaq. Bukmeker agentliklərinin məlumatlarına görə Baydenin yerinə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizəd olması ehtimalı 45 faiz təşkil edir. Onun namizədliyi irəli sürüləcəyi təqdirdə seçkilərdə qalib gəlmək şansı hazırkı prezidentin şansından iki dəfə yüksəkdir. Amma Harrisin Baydendən də zəif namizəd olduğuna inananlar da az deyil.
Demokratlar Partiyasından fərqli olaraq Respublikaçılar Partiyasında sakitlikdir. 15–18 iyul tarixlərində keçirilən milli qurultayda Respublikaçılar Partiyası Donald Trampın namizədliyini irəli sürüb. O, Respublikaçılar Partiyasının prezidentliyə namizədliyini irəli sürməsini rəsmən qəbul edib. Ölkənin hazırkı administrasiyasının fəaliyyətini tənqid edən Tramp “inanılmaz qələbə” qazanacağına söz verib. Həmçinin keçmiş prezident bu posta yenidən seçiləcəyi halda Ohayo senatoru Ceyms Devid Vansı vitse-prezident təyin edəcəyini elan edib. Bu barədə “Bloomberg” bildirib.
Beləliklə, Tramp üçüncü dəfə ABŞ prezidentliyinə namizəd olacaq. Xatırladaq ki, noyabrın 5-də ABŞ-də yeni prezident seçkiləri keçiriləcək.
P.ƏFƏNDİYEV
XQ